"Real Madrid"in yeni mövsüm planlarında adı tez-tez hallanan almaniyalı mütəxəssis Yurgen Klopp sosial şəbəkə hesabındakı son paylaşımı ilə bütün diqqətləri üzərinə çəkib.
Oxu.Az xəbər verir ki, bu arada 58 yaşlı mütəxəssisin yenidən meydan kənarına, texniki zonaya qayıtmağa hazırlaşdığı barədə söhbətlər səngimir.
Daha əvvəl "Leypziq", "Lids Yunayted", "Paris", "RB Omiya", "RB Nyu-York" və "Braqantino" kimi klublarda qlobal futbol rəhbəri və məsləhətçi funksiyalarını yerinə yetirən Y.Kloppun artıq baş məşqçiliyə qayıdış siqnalları verdiyi bildirilir.
"Real Madrid"in Kloppu komandanın sükanı arxasına gətirmək istədiyi xəbərləri fonunda təcrübəli məşqçi "Instagram" hesabında iki yeni foto paylaşıb. Bığ buraxaraq imicində köklü dəyişiklik edən Klopp paylaşımında populyar serial və film qəhrəmanlarına maraqlı göndərmə edib.
Almaniyalı mütəxəssis zarafatyana bir ifadə ilə "Ted Lasso deyil, Con Datton!" sözlərini yazaraq futbol ictimaiyyətini və izləyicilərini təəccübləndirməyi bacarıb.
