“Baku Business Factory” (BBF) və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi birgə ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alanlar üçün mentorluq proqramı təşkil edilib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, ödənişsiz proqram 2 gün ərzində BBF-in ofisində keçirilib.
Layihənin məqsədi gənclərdə sahibkarlıq düşüncə tərzinin təşviq olunmasına kömək edərək ölkədəki biznes mühitinin inkişafına dəstək verməkdir.
BBF-dən bildirilib ki, öz biznesinə başlamaq məqsədi olan, amma nədən və necə başlayacağına tərəddüd edən, sahibkarlığın real həyat təcrübələrini öyrənmək istəyən, Startup mərhələsində olan şagirdlər mentorluq proqramının iştirakçısı olub: "Proqramda yeni biznes ideyasını həyata keçirmək arzusu tələb kimi qoyulub, həm nəzəri, həm də praktiki biliklər öyrədilib".
Mentorluq proqramında sahibkarlıq düşüncə tərzi olan şagirdlər iştirak ediblər.
Sonda proqramı uğurla başa vuran şəxslərə sertifikatlar təqdim olunub.
Xatırladaq ki, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi 2016-cı ildə prezident İlham Əliyevin imzaladığı fərmanla yaradılıb. Dövlət Agentliyi ilk peşə-ixtisas təhsili sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edən və əlaqələndirən, Təhsil Nazirliyinin tabeliyindəki ilk peşə-ixtisas təhsili müəssisələrinin fəaliyyətini təşkil edən icra hakimiyyəti orqanıdır.
“Baku Business Factory” isə azərbaycanlı iş adamı, “Union Grand Energy PTE” Şirkətlər Qrupunun təsisçisi Anar Əlizadənin təşəbbüsü ilə 2015-ci ilin may ayında yaradılıb. BBF-in əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək perspektivli biznes ideyası olan gənclərə layihələrinin ilkin mərhələsində dəstək göstərməklə, bu layihələrin daha sürətlə reallaşmasına və dayanıqlı olmasına şərait yaratmaqdır.
E.Ə.
www.oxu.az