Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Rusiya Federasiyasının “Skolkovo” Fondu və “Yüksək Texnologiyalar Parkı – “YT Park” MMC-nin birgə təşkilatçılığı ilə Bakıda keçirilmiş “Açıq İnnovasiyalar üzrə Startap Turu”nun (Open Innovations Startup Tour) azərbaycanlı qalibləri “Startup Village” müsabiqəsinin yarımfinalında iştirak edəcəklər.
Oxu.Az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, 6-7 iyun tarixlərində Skolkovo İnnovasiya Mərkəzində təşkil ediləcək startap-müsabiqəsinin yarımfinalında ölkəmizdən Arif Mövsümzadə, Aleksey Cəfərov və Fidan Rüstəmovadan ibarət “Spinal” komandasının “Lia”, Orxan Əhmədovun “Kvotter”, Şahlar Paşayevin “Sağlam Yaşam platforması” layihələri təmsil olunacaq.
Ümumilikdə tədbirdə 20000-dən çox iştirakçı, 3500 startap və 600-dən çox investorların iştirakı nəzərdə tutulur.
Azərbaycandan olan startapların həmin müsabiqədə iştirakı potensial investorlar qarşısında öz layihələri haqqında ətraflı məlumat verməyə, həmçinin beynəlxalq bazarlara çıxış imkanları əldə etməyə əlverişli şərait yaradacaq.
Xatırladaq ki, Rusiya və MDB məkanında innovativ startapların axtarışı üzrə ən böyük tədbir sayılan “Açıq İnnovasiyalar üzrə Startap Turu” cari ilin 17-18 aprel tarixlərində Bakıda baş tutub.
Əsas məqsədi yüksək texnologiyalar sahəsində perspektivli və innovativ layihələrin həyata keçirilməsinə dəstək vermək olan tura 235 iştirakçı, 82 layihə müraciət edib, onlardan 15 layihə iştirak hüququ qazanıb.
Məlumat üçün bildirək ki, “Startup Village” startap-müsabiqəsi “Açıq İnnovasiyalar üzrə Startap Turu” çərçivəsində keçirilən ənənəvi tədbirdir və Avropada ən böyük startap müsabiqələrindən hesab olunur.
U.A.
www.oxu.az