“Samsung” şirkəti 2017-ci ildən təmir edilmiş (artıq istifadə edilmiş) smartfonların satışına başlayacaq.
Oxu.Az rbc.ru-ya istinadən xəbər verir ki, bu barədə “Reuters” öz mənbəsinə istinadən məlumat yayıb.
Mənbənin məlumatına görə, 1 ildən çox müddət istifadə edilməmiş smratfonlar bərpa olunaraq yenidən satışa çıxarılacaq. Şirkət müştərilərdən illik mübadilə proqramı çərçivəsində köhnə smartfonları ABŞ və Cənubi Koreya kimi ölkələrdə geri alaraq onları daha ucuz qiymətə yenidən satışa çıxarmağı nəzərdə tutub.
“Reuters”in mənbəsi bu telefonların hansı ölkələrə çatdırılacağına və telefonların nə qədər ucuz qiymətə olacağına dair məlumat verməyib. “Samsung” şirkətinin rəsmi nümayəndəsi şirkətin şayiələri şərh etmədiyini bildirib.
Bu smartfonların nə dərəcədə yenilənəcəyi də məlum deyil. Adətən smartfonların yenilənməsi prosesinə korpusun və akkumulyatorun dəyişdirilməsi daxildir.
Rusiya bazarında ən bahalı “Samsung” smartfonunun qiyməti 65-70 min rubl olan “Samsung Galaxy Note 7”-dir.
2016-cı ilin yazında “Samsung” Rusiyada trade-in proqramını işə salıb. Bu proqram çərçivəsində alıcılara yeni “Samsung” smartfonları 20 min rubl endirimlə təklif edilirdi, əvəzində isə “iPhone” istehsalı olan köhnə qurğular təhvil alınırdı.