Sosial şəbəkələr təyinatına uyğun istifadə edilsə, yaxşı olar. Sosial şəbəkələrdən qanunsuz istifadə etmək cəhdləri qəbulolunmazdır.
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclis (MM) sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.
“Burada baş verən qanunazidd hərəkətlərin, insanların şəxsiyyətinin, şərəf və ləyaqətinin təhqir olunması yolverilməzdir, cinayət qanunvericiliyi ilə təqib olunur. Belə halların qarşısının alınması üçün qanunvericilikdə, o cümlədən, “Kütləvi informasiya vasitələri haqqında” qanunda müəyyən dəyişikliklər edilə bilər”, - deyən birinci vitse-spiker bu məsələdə ictimai qınağın gücləndirilməsinin tərəfdarı olduğunu qeyd edib.
Onun sözlərinə görə, insanların özləri bunu dərk etməlidirlər, ictimai qınaq güclü olmalıdır:
“Jurnalistlər fəal olmalıdırlar ki, əxlaqa zidd olan hallar baş verməsin. Cinayət Məcəlləsində təhqir və böhtana görə cəza nəzərdə tutulur. Əgər təkliflər olarsa, cəzalar sərtləşdirilə bilər. Amma cəmiyyətin reaksiya göstərməyi əsasdır, insanların mədəni səviyyəsi yüksəlməlidir. Əgər sənin kiminləsə mübahisən düşübsə, nədənsə narazısansa, söyüşə əl atmamalısan. Bu, çıxış yolu deyil”.
Z.Əsgərov qeyd edib ki, bunun normal və sivil yolları var:
“Kompüterin arxasında oturub müxtəlif yazı yazaraq kimisə niyə təhqir etməlisən ki? Xaricdə oturub kimisə təhqir etmək hansı əxlaqa sığır? Bu yazıları sənin və digərlərinin ailəsi – anası, bacısı, qardaşı oxuyur. Bu, biabırçı vəziyyətdir. Bu məsələdə hamının barışmaz mövqeyi olmalıdır”.
Kamil HƏMZƏOĞLU
Rəylər