Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Aynur Məmmədova: Özümə inandığım zaman mən qalib oluram – MÜSAHİBƏ
Oxu.Az-ın “Oyundan kənar” rubrikasının növbəti qonağı parataekvondo üzrə Avropa və dünya çempionu Aynur Məmmədovadır.
- 1979-cu ildə fevralın 21-də Ucar rayonunun Təzə Şilyan kəndində anadan olmuşam. Məktəbə 1986-cı ildə getmişəm, kənd məktəbində oxumuşam. 1996-cı ildə məktəbi bitirdim, gəldim Bakıya. İqtisad Universitetinə qəbul olmaq istəyirdim, amma alınmadı. 1997-ci ildə bir də qəbula daxil oldum, amma yenə kəsildim, alınmadı. Daha sonra fikirləşdim ki, mən təhsilsiz qalmaq istəmirəm, ona görə də sənədlərimi kollecə verdim və Maliyyə İqtisadiyyat kollecinə daxil oldum. 2001-ci ildə kolleci bitirdim.
- Kənd yeri, xanım və idmanla məşğul olmaq?! Ətrafın fikirləri çətin olmadı ki?
- Mən daxilən güclü insanam, iradəliyəm. Mən doğularkən bir qolum anadangəlmə yox idi və mən bununla heç vaxt utanmamışam, mən belə doğulmuşam, belə yaranmışam. Uşaq yaşlarımdan fəal uşaq olmuşam. Kənd yerinin özündə nə qədər işlər var, heç vaxt oturum, tənbəl olum, belə olmamışam. Kimsə evdə mənə deyəndə ki “bunu eləmə, özümüz edərik” demişəm yox, mən bacararam.
Həyatımda indiyənə kimi hər nə etmişəmsə bacarmışam, məncə mənim bacarmadığım iş yoxdu. Həm də insan istədikdən sonra bacara bilmədiyi iş ümumiyyətlə, ola bilməz.
Mənim idmana həvəsim var idi, amma istədiyim kimi məşğul ola bilmirdim. Bakıya gələndən sonra ilk dəfə atıcılıqla məşğul olmağa başladım və 1998-ci ildə Əlil Qadınlar cəmiyyətində çalışmağa başladım.
- Atıcılıq ilə neçə il məşğul oldunuz? Və ən əsası, hansı idman növü ilə davam etdiniz?
- Atıcılıqla məşğul olurdum, amma beynəlxalq yarışlara çıxa bilmirdim, çünki silahı sağ əl ilə tutmaq lazımdır, məndə isə problem sağ əlimdə idi. Ona görə də sadəcə turnirlərdə iştirak edirdim. Mən idmanla davam etmək istəyirdim. Mənə bir gün taekvondoyla məşğul olmaq barədə təklif gəldi. Düzü, inanmırdım ki, bacara bilərəm, amma yenə dediyim kimi həmişə bacararam demişəm. Müəllimim də mənə ilk dəfə dedi ki, sən başla, mən sənə inanıram, alınacaq səndə!
Beləliklə, 2010-cu ildən artıq fiziki məşqlərə başladım.
Parataekvondo üzrə artıq yarışlara start verildi və mən təlim-məşq toplanışlarına başladım.
- Nə zaman ailə qurdunuz? Ailəli xanım üçün məşq toplanışları və s. çətin deyildi ki?
- 2005-ci ildə öz sevdiyim seçdiyim insanla ailə qurmuşam. Düzdü, yoldaşım mənə dəstək olurdu. Ailə quranda 26 yaşım var idi. Ancaq yoldaşım mənim əziyyət çəkməyimi istəmirdi, onun dəstəyi mənim üçün önəmli idi. Ailəli xanım üçün çətindir, hələ uşaq varsa, ümumiyyətlə, çətindir. Amma mən axı həmişə deyirəm güclü xanımam.
- İlk yarış, ilk məşq toplanışı və nəticə nə oldu?
- İlk məşq toplanışı Qusarda oldu, daha sonra 2010-cu ildə may ayında biz Sankt-Peterburqa yola düşdük. Dünya çempionatı keçirilirdi və mən həmin yarışın 3-cüsü oldum. Var gücümlə yarışa hazırlaşırdım. Çünki ilk yarış olmağına baxmayaraq qalibiyyətim olmalı idi.
Daha sonra 2011-ci ildə Moskvada keçirilən dünya çempionatında qalib oldum, çox ciddi hazırlaşırdım, artıq o güc, o güvən məndə var idi.
2012-ci ildə Cənubi Amerikada dünya çempionatı keçirilirdi, çətin idi, amma orda da qalib oldum. Çətin rəqiblərim var idi, amma öhdəsindən gəldim.
- Qalibiyyət arxasıyca qalibiyyət və birdən məğlub olmaq. Əsas səhv nədə oldu?
- İki il dalbadal qalibiyyətim oldu, yəqin məndə arxayınçılıq oldu. Səhv özümdə idi, arxayın oldum ki, iki il qalib olmuşam, çünki o biri yarışlara ciddi hazırlaşırdım. Belə oldu ki, 2013-cü ildə keçirilən yarışın üçüncüsü oldum, bürünc medal qazandım.
- Artıq dünya və Avropa çempionatlarının yarışlarına öyrəşmisiz, təcrübəniz var idi. 2014-cü il, yarış, rəqib və siz?
- Yarış Moskvada keçirilirdi, dünya çempionatı idi. Rəqibim də güclü idmançılardan idi. Danimarkalı rəqibimi udurdum, son bir səhv mənim uduzmağıma gətirib çıxartdı. Sonra peşman oldum ki, qələbə qazanırdım, niyə tələsdim?! Demək ki, belə qismət imiş.
Sonra 2014-cü ildə noyabr ayında Antalyada Avropa çempionatı keçirilirdi, rəqiblərim rus, türk, fransız idmançıları idi və təbii ki, qalib oldum. Özümə güvəndiyim, inandığım zaman mən qalib oluram.
- Sentyabrda keçirilən yarış bildiyimə görə, çətin, gərgin keçib, amma buna baxmayaraq, Siz qalib oldunuz.
- Rəqiblərim güclü idi deyə, qalib ola bilməyəcəyimdən qorxurdum. Yarımfinalda rəqibim ingilis idi, üstəlik, 4 qat Avropa çempionu idi. Zərbələri ağır idi. 2-ci raundda əlimin baş barmağını sındırdı. Amma çalışdım ki, bilməsin, çünki bundan istifadə edib məni məğlub edə bilər. Həmin idmançının barmağımı sındıracaq qədər güclü zərbəsi var idi, hara vurursa, sındırırdı. Ha çalışsa da məndən xal götürə bilmirdi və əsəbiləşirdi.
Yarımfinalda mənə elə gəlirdi ki, final görüşündəyəm. Onu udsam çempion olacağımı zənn edirdim. 3-cü, 4-cü döyüş o qədər də vacib olmaz deyə düşünürdüm. Yaxşı ki, məndə qorxmaq hissi yoxdur. Amma hər an ehtiyat edirəm, rəqib hər saniyə qalib gələ bilər. İlk raundda 1-ci xalı o idmançı qazandı. İdmançılarda belə bir xüsusiyyət var - rəqib 1-2 xal üstündürsə, həvəsdən düşürsən, elə bilirsən o qazanacaq. Amma bu dəfə əksinə oldu. O raundu götürəndə düşündüm ki, uduzacağam.
Buna baxmayaraq, işləməyə davam etdim. Son nəticədə mən qalib gəldim. Bu yarışlarda ən güclü rəqibim o oldu. Finalda isə artıq mərakeşli rəqibə qalib gələrək, çempion adını qazandım. Bu, mənim sayca dünya çempionatında ikinci qələbəmdir.
- Hal-hazırda təhsil alırsınız və çalışdığınız bir iş varmı?
- Bəli, təhsilimi davam etdirmək istədim, hal-hazırda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsilimi davam etdirirəm. Və Fövqəladə Hallar Nazirliyinin əməkdaşıyam. Kəmaləddin müəllimə həmişə biz idmançılara dəstək olduğuna görə təşəkkürümü bildirirəm.
- 36 yaşlı xanımın idmanda olmağı, davam etmək və ən əsası olimpiadaya hazırlaşmaq!
- Olimpiya çempionu olmaq həmişə mənim arzum olub, bu da hardasa 2020-ci ilə düşür. Ona kimi idmanda davam edərəm yəqin və arzum çin olar. Çünki hələ qarşıda yarışlar var və ona kimi məşqlərimə ciddi olaraq davam edəcəm.
- Bir oğlunuz var. Onun idmanda olmağını istəyirsiz, yoxsa artıq hansı peşəni seçdiyini deyib sizə?
- Bir oğlum var, bəli. Onu da həmişə özümlə idmana aparırdım, artıq öyrəşib məşqlərə, yəqin ki idmanda olacaq, amma hansı peşəni seçməyini öz öhdəsinə buraxacam.
- Bu yaxınlarda media yeni doğulan uşağa dəstək olduğunuzu yazdı. Dilək adlı bu körpəyə dəstəyinizin başlıca məqsədi nə idi?
- Mən xəbərləri oxuyurdum, baxdım ki, ailə bir körpədən danışıb, media bunu işıqlandırmışdı. Körpənin bir qolu anadangəlmə yoxdur. Bu xəbəri oxuyan zaman mən necə kövrəldiyimi deyə bilmərəm.
Klinikanın nömrəsini axtardım, tapdım, soruşdum, amma ailə haqqında heç bir məlumat vermədilər. Getdim xəstəxanaya, sağ olsun həkimi məni qəbul etdi və mən o ailəylə görüşmək istədiyimi dedim, əlaqə telefonlarını verdilər və mən zəng vurdum, onları görmək istədiyimi dedim. Ailəyə körpə üçün gəldiyimi dedim. Sonra onlara mənim də anadangəlmə bir qolla doğulduğumu dedim və bunun insan üçün heç də bir problem yaratmayacağını söylədim.
Bəlkə də həmin ailəyə o qədər stimul vermiş oldum ki, bu, mənim özüm üçün də xoş idi.
İnsan istəyirsə hər bir zirvəyə çata bilər. Biz belə doğulmuşuq, amma bu o demək deyil ki, qüsurlu sayılırıq. Mən bu gün idmançıyam, Azərbaycanı təmsil edirəm, mən öz iradəmə, gücümə, səbrimə güvənirəm. Səbir, yenə də səbir etmək lazımdır.
Nərmin Kazımova
www.oxu.az
"Bakı" teqi üzrə xəbərlər
- Bakıda çoxmərtəbəli binanın damında qanunsuz tikinti işləri DAYANDIRILDI
- Evdən qaçdıqları deyilən qızlarla bağlı yeni məlumat: Üçüncüsü də TAPILDI
- Tokayev: "Bakı və İrəvan arasında sülh sazişi layihəsi danışıqlarının başa çatmasını alqışlayırıq"
- "Red Wings" aviaşirkəti Moskva və Bakı arasında müntəzəm uçuşları bərpa edir
- Bakıda zəcirvari qəza baş verdi: Bir maşın AŞDI