Oxu.Az-ın “Oyundan kənar” rubrikasının budəfəki qonağı Azərbaycan Güləş Federasiyasının baş katibi, əməkdar məşqçi, “Tərəqqi” medalının mükafatçısı Əjdər Cəfərovdur.
- Heç kəs birdən-birə gəlib rəhbərlikdə oturmur, yollar keçir, pilləkənlər qalxır, enişli yollardan keçir. Siz o yollardan necə keçmisiz?
- Hər bir insan çətinliklə üzləşir, yaxşı və pis anı da olur. Bir yerə gəlmək üçün zəhmət çəkirsənsə, deməli onun bəhrəsini də görəcəksən.
Mənim yolum isə ailəmin idmançı ailəsi olmağından başladı. İlk onu deyim ki, atam Xosrov Cəfərov güləş idman növündə 35-40 il yeniyetmələr üzrə yığma komandanın baş məşqçisi olub. Yəni mən birdən-birə güləşə gəlməmişəm, güləşçi ailəsində böyümüşəm. Həmişə atamla məşqlərə gedib baxırdım. Deməli 21 yaşım var idi, sənəd işləri ilə bağlı assistent idim. O vaxtlar Güləş Federasiyasında həm tələbə idim, həm də təcrübə axtarışındaydım. Təbii ki, bu təcrübə mənim işimin əsas hissəsinə çevrildi. Yavaş-yavaş güləşdə işin incəliklərini öyrəndim.
Daha sonra Federasiya tərəfindən aparıcı mütəxəssis təyin olundum. Bir gəncə nə lazımdır?! Təbii ki, təcrübə. Və mən də bunu qazanırdım. Məni 2007-ci ildə Avropaya hakimlik kursuna göndərdilər, bu işin hər incəliyini öyrənmək mənə çox maraqlı idi. Belə oldu ki, orda katib statusu aldım. 2008-ci ildə məni Hakimlər Kollegiyasının sədri təyin etdilər. 2008-2011-ci illər mənim üçün dönüş nöqtəsi oldu. 2010-cu ildə Sinqapurda keçirilən yeniyetmələrin ilk olimpiya oyunlarının hakimi oldum. 2012-ci ildə London yay oyunlarını hakim olaraq idarə etdim, həmin ildə mənim 27 yaşım vardı və dünyanın ən gənc hakimi idim.
2008-ci ildə idman ustası adını aldım, 2012-ci ildə əməkdar məşqçi fəxri adına layiq görüldüm.
- Güləş Federasiyası başqa federasiyalardan nə ilə fərqlənir və siz baş katib təyin olunandan sonra hansı dəyişiklik olub?
- Güləş Federasiyası nizam-intizamı, disiplinliyi ilə fərqlənir. Bu da cənab nazir Fazil Məmmədovun sayəsində olub, təbii ki. Bu, onun qoyduğu qayda-qanun sayəsində özünü göstərir. Əgər bir federasiyada ciddilik varsa, orda əziyyət də, zəhmət də, və təbii ki, nəticə də var.
- İdmançılar ən çox nəyə fikir verməlidir?
- İdmançılarımız, güləşçilərimiz dediyim kimi, nizam-intizama, vaxtında yatıb durmağa diqqət yetirməlidirlər. Onların proqramı o qədər həssasdır ki, mütləq ciddi şəkildə fikir verməlidirlər.
- Güləşçiləriniz uduzanda və udanda ilk sözünüz nə olur?
- Uduzanda təbii ki, qan-qaraçılıq olur, pis oluruq. Həm onların əziyyəti, həm də məşqçilərinin əziyyəti heç olur. Udanda isə sevinirik təbii olaraq. Sadəcə udandan sonra istər olimpiya, istər Avropa, istərsə də dünya çempionu olsun dəyişməsinlər, ulduz xəstəliyinə tutulurlar, çox səhv addım atırlar. Onlar ilk olaraq məşqçilərinin əziyyətini, sonra isə öz əziyyətlərini düşünməlidirlər.
- 2015 Avropa oyunlarına necə hazırlaşırsız?
- Proqramımız var və ona uyğun hazırlaşırıq.
- O proqramda nələr var?
- Məşqlər, təlim-məşq toplanışları turnirdə iştiraklar və bunlara düzgün yanaşma.
- Hansı cəhətinizlə biz gənclərə örnək ola bilərsiz?
- Mən gənc yaşımda uğurlar qazandım və bu, birbaşa olaraq Fazil müəllimin dəstəyi ilə oldu. Bir gəncə dəstək olmaq, onun dövlətinə layiq, savadlı biri kimi yetişməyinə diqqət etmək lazımdır. Mən örnək ola bilərəm. Qazandığım uğurların kuliminasiya nöqtəsi cənab prezidentin məni “Tərəqqi” medalı ilə təltif etməsi ilə. Bunu sizə də arzu edirəm.
- Ətrafınızda bu qədər idmançı var. Onların məşq etməsi sizə təsir edirmi? Özünüz də məşq edirsiniz?
- Fitneslə məşğulam, amma milli rəqslərə də gedirəm.
- Deməli, yaxşı rəqs edirsiniz?
- Çalışıram (gülür). Həm idmandı, həm də rəqs etməyi öyrənirəm.
- Bu qədər ölkədə olmusuz, Azərbaycanda nə yoxdur?
- 65 ölkədə olmuşam, deyərdim ki, gözəl yerlər var. Bizim ölkənin də inkişafı göz qabağındadır. İtaliya, İspaniya, Braziliya maraqlı yerlərdir. Azərbaycana qalanda isə bizim təkcə torpaqlarımız yoxdu, işğal altındadı. Tezliklə o da olacaq, bizim olanı geri versinlər, o zaman Azərbaycan kimi bir yer olmayacaq.
- Məmur kimlərə deyilir?
- Məmurlarımıza söz demək bizə düşməz. Onlar ölkə başçısı tərəfindən təyin olunan, verilən əmrləri yerinə yetirən icraçılardır.
- Elə bir cümlə var ki, onu özünüzə sitat kimi götürmüsüz?
- Bəli, cənab prezidentin bir sözü sitat kimi həmişə yaddaşımda qalacaq. Bir dəfə çıxışında söylədi ki, “bir idmançı yaxşı nəticə verə bilər, qalib ola bilər, əsas odur ki, o nəticəni saxlasın və dəfələrlə təkrar etsin”. Bu ifadəni mən özüm üçün bir sitat kimi yada salıram.
Deyərdim ki, çox az sayda ölkə başçısı idmanı sevir və idmanla məşğul olur. Bizim prezident idmanı sevir, dəstəkləyir və özü də məşğul olur. O, hər birimizə örnəkdir.
Cənab prezidentin məhz güləşə göstərdiyi diqqət, qayğı göz önündədir. Bu, bizə həvəs, ruh yüksəkliyi verir. Düşünmədən irəli və inkişafa doğru...
- Hansısa işi görəndə bizə dəstək, həvəs, enerji lazımdır. Hansı ki işi görürsən və sənə dəstək olan birini gördükdə özünə daha çox güvənirsən, daha da inkişaf edirsən. Kim sizə dəstək olub?
- Mənə dəstək olan insanların adını fəxrlə çəkə bilərəm. Onlarla qürur duyuram. Mənə dəstək olan bizim federasiyanın 1-ci vitse-prezidenti Namiq Əliyevdir. Onun dəstəyini hər anımda hiss etmişəm, yaxşı, savadlı, səmimi insan olmağı hər adam bacarmır. Namiq müəllimi uşaqdan böyüyə hər kəs tanıyır və mən də dəstəyi üçün hər zaman ona minnətdaram.
- Mənə desəz ki, bütün dərsləri yaxşı oxumuşam, inanmaram...
- Yox, hamısını yaxşı oxumamışam (gülür). Əsas da texniki fənləri - riyaziyyatı sevmirdim, coğrafiya, ədəbiyyatı sevirdim.
- Coğrafiyadan nə yadda qalıb?
- Qitələr, çünki indi də səyahət edəndə maraqlanıram, öyrənirəm.
- Bu gün siz nəyə hazırsız?
- Mən tam əminliklə hazıram və özümə güvənirəm ki, əgər cənab prezident əmr versə ki, səfərbərlikdir, mən əlimdə silah ön sıralarda olaram. Bunu tam səmimi və güvənərək deyirəm.
- Güləş deyəndə ilk ağıla gələn adlar?
- Təbii ki, Namiq Abdullayev, Fərid Mansurov, Xetak Qazyumov.
- Bəs gənc nəsildən kimi deyə bilərsiz?
- Onlar çox çalışmalıdırlar. Çalışsınlar, zamanı gələndə adlarını deyəcəm. Əsas odur ki, 2016-cı ildə özlərini göstərə bilsinlər, bu, çox vacib amildir.
- Adətən, oğlan uşaqları həmişə daha çox polis statusu almağa çalışır, yəni o yöndə təhsil alır. Nə əcəb sizdə belə bir şey olmayıb?
- Olub və mən hazırlaşmaq istəmişəm, hətta sənədlərimi DİN-ə vermişdim, sonra elə oldu ki, mənim güləş sahəsində təcrübəm vardı və gənc idim, bu təcrübəni yarıda qoya bilməzdim. Ən yaxşısı davam etmək idi və mən də sənədlərimi geri götürdüm və öz yolumla davam elədim.
- Onda polislərimizə sözünüz olar bəlkə?
- (gülür) Onların da işi çətindir, amma çətin işdə yola çıxan insanları da başa düşsünlər, yəni dava, qalmaqal olmasın.
- Oxumaq heç vaxt gec deyil?!
- Öyrənmək, bilmək, oxumaq heç vaxt gec deyil, əlbəttə. Mən hətta hal-hazırda üçüncü universitet oxuyuram - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Menecment fakültəsində.
- Adətən, hərə bir cür istirahət edir. Bəs siz?
- Maşın sürməyi sevirəm, əsasən də gecələr. Deyərdim ki, həm hobbimdir, həm də istirahətim.
- Bizim sənətçilərdən kim yaxşı oxuyur və kim ümumiyyətlə, oxumaq nədir bilmir?
- Mən Rəşid Behbudova, Müslüm Moqamayevə qulaq asıram. Gənclərdən də Abbasın, Ramalın səsi yaxşıdır.
- Bəs öz səsiniz necə?
- Yoxdu (gülür), amma arada şeir yazıram.
- Sevdiyiniz şeir?
- Cabir Novruzun “Sağlığında qiymət verin insanlara” şeiri.
- Bir xanımla necə tanış olursunuz?
- (gülür) Əgər işlə bağlıdırsa, təbii ki, müraciət edirəm, amma evli biri kimi mənə maraqlı deyil. Mən namaz qılıram, ibadət edirəm.
Nərmin Kazımova
www.oxu.az
Rəylər