Tovuz rayonunun Düz Cırdaxan kəndinin içməli su problemi öz həllini tapıb.
Bu barədə Oxu.Az-a “Azərsu” ASC-dən bildirilib.
Məlumata əsasən, 2014-cü ilin yayında icrasına başlanmış layihəyə əsasən, su mənbəyi Tovuzçay seçilmiş və çay yatağında 95 metr uzunluğunda suqəbuledici qurğu (drenaj qurğusu) yaradılıb.
Su mənbəyindən kəndə çəkilən 18,5 km mövcud magistral su xəttinin 3,5 km-lik hissəsi əsaslı şəkildə bərpa edilib, kənd ərazisində dik dayaq və bulaq kompleksi quraşdırılıb.
Layihənin icrası Düz Cırdaxan kəndinin 2816 sakinin içməli su təchizatını yaxşılaşdırıb.
“Azərsu” ASC hazırda Tovuz və Qovlar şəhərləri ilə yanaşı, rayonun 13 kənd yaşayış məntəqəsinə xidmət göstərir.
Xatırladaq ki, kəndə içməli suyun verilməsi ilə bağlı təşkil edilmiş tədbirdə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov, və Milli Məclisin deputatı Qənirə Paşayevada iştirak edib.
Ülviyyə R. Əli
www.oxu.az