Hesabat ilində dövlət büdcəsinin gəlirləri 38 milyard 356 milyon manat proqnoza qarşı 39 milyard 184.6 milyon manat və ya 828.6 milyon manat (2.2 faiz), 2024-cü illə müqayisədə isə 2 milyard 22.8 milyon manat (5.4 faiz) çox icra olunub.
Oxu.Az-ın məlumatına görə, sözügedən məsələ "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında" Qanun layihəsində əksini tapıb.
Bildirilib ki, dövlət büdcəsinin gəlirlərinin ÜDM-də xüsusi çəkisi 30.4 faiz təşkil edib ki, bu da 2024-cü illə müqayisədə bir faiz çoxdur.
Dövlət büdcəsinin gəlirlərinin 16 milyard 355.2 milyon manatı və ya 41.7 faizi vergi orqanlarının xətti ilə, 6 milyard 369.9 milyon manatı və ya 16.3 faizi gömrük orqanlarının xətti ilə daxilolmaların, 14 milyard 481 milyon manatı və ya 37 faizi Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 1 milyard 978.5 milyon manatı və ya 5 faizi digər gəlirlər üzrə daxilolmaların (679.6 milyon manatı dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların, 66.7 milyon manatı məqsədli büdcə fondlarının gəlirlərinin, 46.5 milyon manatı dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların və 1 milyard 185.7 milyon manatı sair daxilolmaların payına düşür.