Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
"Alıcı çox, mənzil yox" - Ekspert səbəbləri İZAH ETDİ
"Əmlak statistikasının son üç ilinə nəzər salanda görürük ki, alıcıların 60-70 faizi müxtəlif kredit şərtləri ilə mənzil sahibi olurlar".
Bu sözləri Oxu.Az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.
O bildirib ki, əmlak bazarında qiymət artımı uzun müddətdir davam edir:
"Demək olar ki, hər ay təxminən 3-5 faiz arası artım baş verir. Noyabr ayında COP29 tədbiri ilə əlaqədar əmlak bazarında, xüsusən paytaxt Bakı şəhərində alıcılıq qabiliyyəti çox aşağı düşdü, kirayə bazarı inkişaf etdi. Gündəlik mənzillərə xaricdən gələn qonaqların yerləşdirilməsi üçün tələb artdı, amma satış bazarında durğunluq baş verdi. Müştərilərin böyük bir hissəsi ya şəhərdən kənarda oldular, ya da hər hansı səbəbdən gözləmə mövqeyini tutdular. Əmlak statistikasının son üç il ərzinə nəzər salanda görürük ki, 60-70 faizə qədər alıcı mənzillərini müxtəlif kredit şərtləri ilə alır. Təxminən 10 il əvvəl müştərilərin 20-30 faizi kreditlə mənzil alan, 70-80 faizi nağd alıcılar idi, indi tam əks-tendensiyanı müşahidə edirik".
Ekspert qeyd edib ki, hazırda əmlak alanların çox hissəsi çıxarışlı əmlaklara üstünlük verir:
"Tələbat daha çox çıxarışlı, ümumi sahəsi böyük olmayan, ümumi məbləği 200 000 manatı aşmayan mənzillərədir. 8 faizli ipoteka kreditlərində maksimal limit 150 000 manata, güzəştlilərdə isə 100 000 manata qədərdir. Buna görə də alıcılar elə əmlak axtarırlar ki, otaq sayı çox olsun, çıxarışlı olsun, ümumi məbləği də böyük olmasın".
E.Fərzəliyev vurğulayıb ki, qiymət artımına görə, bu cür əmlak tapmaq çətindir:
"Kredit şərti ilə satılan əmlakların çox olmasına görə həmin əmlaklar yenidən satışa çıxa bilmir. Çünki bu əmlakların növbəti dəfə satışa çıxması üçün kreditin bitməsi lazımdır, bu da təxminən 10-20 il arası vaxt tələb edir. Bu baxımdan da tələbat olsa da, mənzil sayı azdır. Xüsusən ipoteka kreditləri veriləndə əmlak bazarına qısa vaxt ərzində yüzlərlə, minlərlə müştəri gəlir. Onlardan isə az bir hissəsi mənzil tapıb ala bilirlər".
Ekspertin fikrincə, yeni çoxmənzilli binaların xərci əvvəlki illərlə müqayisədə daha çoxdur:
"Artıq çoxmənzilli binaların inşası üçün, xüsusən paytaxt Bakıda torpaq sahəsi tapmaq çətindir, çünki torpaq sahəsi qalmayıb və ya qalanların satış qiymətləri çox yüksəkdir. Tikinti şirkətləri artıq qəzalı, köhnə çoxmənzilli binaları sökürlər, onların yerinə tikirlər. Bu zaman həmin mənzil sahiblərinin hər birinə tikəcəkləri binadan mənzil verirlər, kirayə və köç xərclərini qarşılayırlar. Bu da özlüyündə bütün tikinti xərclərini artırır".
- Qiymətlərin azalması gözlənilirmi?
- Qiymətlərin yaxın gələcəkdə enməsi gözlənilən deyil. Stabilləşməsi isə növbəti 5 ildən sonra mümkün olacaq, bunun isə səbəbi azad olunan ərazilərdə sürətli şəkildə işlərin görülməsi ilə əlaqədardır. İşlər yekunlaşdıqca məcburi köçkünlər mərhələli şəkildə öz yurdlarına qayıdırlar. Dövlət tərəfindən köçkünlərə şəhərciklərdə verilən mənzillər onlardan alınıb minimal qiymətlərlə satışa çıxarılır. Bir növ sosial layihə kimi. Ərazilərdə köç başladıqca orada yeni iş yerləri açılır. Yeni iş yerləri açıldıqca nəinki məcburi köçkünlər, digər ərazilərdən də həmin ərazilərə işləmək üçün üz tutanlar olur. Günü bu gün minlərlə şəxs orada müxtəlif sahələrdə işləyirlər.
Bakı şəhərinin Baş planına görə çox sayda ərazidə binalar söküləcək, yeni binalarla əvəz ediləcək. Kütləvi şəkildə tikinti işləri gedəndə də artıq rəqabət başlayacaq. Rəqabət olanda da qiymətlərdə artım yox, stabilləşmə ola bilər, hansısa formada enmələr də mümkündür. 2040-cı ilə qədər paytaxt Bakı Baş planda əks olunan formada olacaq. Bu da onlarla, yüzlərlə çoxmənzilli binaların, böyük ərazilərdə yaşayış massivlərinin sökülməsi və s. deməkdir.
O deyib ki, əmlak bazarında ən böyük qiymət artımı 2023-cü ildə olub:
"2023-cü ilin oktyabrına qədər Bakıda bəzi mənzillərin qiymətləri 20 faizə qədər artmışdı. Oktyabrdan sonra əmlak bazarında durğunluq yarandı, həmçinin torpaq sahəsi, fərdi həyət evlərinin satışında da ləngimələr oldu. Buna səbəb isə həmin vaxt çıxan yeni qərar oldu. Qərara görə, çıxarışı olmayan torpaqlar üzərində tikiləcək fərdi yaşayış evlərinin kanalizasiya xətləri təmir olunmayacaq. Bu da çıxarışı olmayan torpaq bazarını təmiz öldürdü".
Aygün Mirakif