Oxu.Az-ın Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla müsahibəsi:
- İstehlakçı hüquqları haqqında qanunu bilmək vətəndaşların bu yöndə hüquqlarını müdafiə edə bilməsi anlamına gəlirmi? Ümumiyyətlə, bilirsiz ki, vətəndaşlar hüquqlarının pozulduğunu bilirlər, amma kimə, hansı qaydada şikayət etməli olduqları haqqında maarifli deyillər. Necə düşünürsüz, bu sahədə hansı qaydada maarifləndirmə tədbirləri həyata keçirilməlidir?
- İstehlakçıların hüquqlarını qoruyan Azad İstehlakçılar Birliyinə vətəndaşlardan gələn şikayətlər (telefon zəngləri) göstərir ki, təxminən 20% istehlakçı birliyin saytındakı materiallar, informasiyalardan istifadə edərək öz hüquqlarını qoruyub. Düşünürəm ki, 20% ölkə üçün normal bir rəqəmdir. İstehlakçılar öz hüquqlarını dərk edir və müdafiə edir. Bu, yaxşı bir cəhətdir.
- İstehlakçı və ya istehsalçının haqlı olduğu hansı qaydada müəyyənləşir?
- Birliyə vətəndaşlardan şikayət daxil olduqda, biz qarşı tərəf ilə əlaqə qururuq. Problemləri həll etmək üçün ekspertimizi (həmin ekspertlər bu məqsədlə xüsusi treninqlər keçiblər) göndəririk. Analizlər aparırıq, hər iki tərəfi dinlədikdən sonra ümumi nəticəyə gəlirik. Qeyd edim ki, şikayətlərin 80%-i danışıq yolu ilə həll olunur. Xatırladım ki, bütün dünyada bu xidmətlər ödənişlidir, birlik isə ödənişsiz qaydada həyata keçirir. Məsələn, ötən həftə birlik tərəfindən istehlakçının 3000 manat pulu geri qaytarılmışdı. İstehsalçı başa düşdü ki, o hüquq pozuntusuna yol verir. Bu şəkildə problem həll olundu.
- İstehsalçı məhsulu qaytarmaqdan imtina edərsə, bu halda istehlakçı nə etməlidir? Hansı qaydada öz hüquqlarını müdafiə edə bilər?
- İstehsalçı istehlakçının haqlı tələbinə əməl etmirsə, bu zaman alıcı dövlət orqanlarına ( Antiinhisar Siyasəti İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə və ya Azad İstehlakçılar Birliyinə) ərizə ilə müraciət edə bilər. Bundan sonra qanunlar istehlakçının hüquqlarını qoruyur.
- İstehsalçının “alınan mallar geri qaytarılmır” kimi lövhələr yerləşdirməsi, istehlakçıların hüquqlarına girmir ki? (Aptek və s. kimi yerlərdə bunun şahidi oluruq)
- Bu, qanuna ziddir. Nazirlər Kabinetinin ayrıca bir qərarı var. Həmin qərarda qaytarılmayan malların siyahısı göstərilib. Bunlar da çox deyil.( Diş fırçaları, uşaq oyuncaqları, qızıl və s). Digər geridə qalan mallar qaytarılmalıdır (ərzaq, dərman preparatları və s). Çox təəssüf ki, qaytarılmayan mallar siyahısında qızıl əşyaları da var. Biz bu məhdudiyyətin aradan qaldırılması istiqamətində işlər aparırıq. Onu da əlavə edim ki, təxminən ölkə ərazisində bu tip şüarların 80%-i yığışdırılıb. Bu cür şüarlar yalnız istehsalçı obyektlərinin geyinmə-soyunma otaqlarında qalıb. Bu məsələlər də həll olunacaq.
- Bəzi istehlakçılar hüquqları pozulduğu təqdirdə susurlar, bu istehlakçılara tövsiyəniz?
- İstehlakçılara tövsiyə edirəm ki, öz hüquqlarının qorunması istiqamətində fəal olsunlar. Bazarda öz üstün rollarını dərk etsinlər. Nəzərə alsınlar ki, dövləti də, ordunu da saxlayan istehlakçının özüdür. Özlərini kölə vəziyyətinə salmasınlar. Qeyd edim ki, istehlakçılar haqqında qanuna görə, istehlakçılar məhkəmədə iddia qaldıran zaman heç bir rüsum ödəmirlər. Bu da istehlakçılar üçün əlavə bir üstünlükdür.
- Hüququ pozulmuş müştərinin şikayətinə Azad İstehlakçılar Birliyi neçə gün ərzində baxır?
- Həmin an, istehlakçını gözlətmədən problemləri həll edirik.
Ülviyyə R.Əli
www.oxu.az