Yay mövsümü başlayıb. Bir çoxlarımız Azərbaycanın regionlarında, başqaları isə xaricdə istrahətə üstünlük verir. Regionlara, eləcə də xaricə getməyə vəsaiti çatmayanlar isə dəniz kənarında sakit bir evdə dincəlməklə kifayətlənir.
Sözsüz ki, ölkədən bir müddət də olsa uzaqlaşmaq istəyənlər Türkiyənin ən sıx şəhərlərindən biri sayılan Antalyaya getməyi planlaşdırıblar.
Oxu.Az azərbaycanlı vətəndaşların bu şəhərə olan marağını nəzərə alaraq turların qiyməti ilə bağlı qısa bir araşdırma aparıb.
Antalyaya VIP 5* turların qiyməti oteldən asılı olaraq 1500 manatdan başlayır. Maksimum turun qiyməti isə 2500 manatdır.
Bununla yanaşı, bəzi turizm agentlikləri ucuz qiymətlərlə müştərini cəlb etməyi də unutmayıblar.
“Məsələn, 70-80 manatdan başlayan qiymətlərlə”.
Tbilisidən Antalyaya 1 nəfər üçün turun qiyməti (transfer, sığorta, aviabilet Tbilisi-Antalya-Tbilisi) 300 manatdan 500 manata qədərdir.
Maraqlısı burasındadır ki, Bakıdan Antalyaya turun qiyməti 1 nəfər üçün Tbilisi ilə müqayisədə 500 manatdan 600 manata qədərdir, təxminən 200 manat və ya 40% bahadır.
Onu da əlavə edək ki, Türkiyə rəsmi qurumlarının verdiyi məlumata görə, yanvar-iyun ayları ərzində Antalyaya gələn turistlərin sayı 9,4% azalıb.
Başqa sözlə, 2015-ci ilin ilk yarısında Antalyaya 4 milyon 88 min 861 nəfər turist gəlib. 2014-cü ilin analoji dövründə isə bu göstərici 4 milyon 514 min 740 nəfər olub. Bir il ərzində azalma 9,4% olaraq qeydə alınıb.
Rusiyadan bu şəhərə gələn turist sayında da azalma var:
“Türkiyə dövlət qurumunun məlumatına görə, 2015-ci ilin ilk altı ayında Rusiyadan Antalyaya 1 milyon 77 min 793 nəfər turist gəlib, 2014-cü ilin analoji dövründə isə bu göstərici 1 milyon 479 min 722 nəfər olub. Azalma 27,2%.
2015-ci ilin yanvar-iyun ayı ərzində Hollandiyadan gələn turist sayı 6,8%, İsveçdən gələn turist sayı 7,3%, Ukraynadan 10,6%, Qazaxıstandan 1,3%, Belçikadan 8,5%, Norveçdən 16,7%, Danimarkadan 11,8%, Avstriyadan 21,5%, İrandan 15%, Fransadan gələn turist sayı da 52,9% azaldı. İsveçrə, Belarus, Çexiya, Litva, İsrail və Latviyadan gələn turist sayında da azalma müşahidə olunub.
Analoji dövrdə, Macarıstandan gələn turist sayı 35,9%, Kosovadan gələn turist sayı 30,4%, İngiltərədən gələn turist sayı 1%, Polşadan gələn turist sayı 5,9%, Finlandiyadan gələn turist sayı 9,6%, Slovakiyadan gələn turist sayı da yüzdə 11,6% artıb.
Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri bir çox turlar təşkil etsələr də, nədənsə, Azərbaycandan bu şəhərə gələn turist sayı Türkiyənin hesabladığı statistik rəqəmlərdə öz əksini tapmayıb.
Ülviyyə R. Əli
www.oxu.az