"2007-ci ildə Türkiyədə enerji səmərəliliyi haqqında qanun qüvvəyə minib. Həmin qanun xüsusilə bu sahədə fəaliyyət göstərən məsləhətçi şirkətlərin inkişafını və enerji auditi bazarının formalaşmasını stimullaşdırıb. Enerji auditlərinin keçirilməsi məcburi tələbə çevrilib. Hazırda oxşar təcrübə Azərbaycanda da tətbiq olunur".
Oxu.Az xəbər verir ki, bunu Türkiyənin Enerji Səmərəliliyi və İdarəetmə Assosiasiyasının (EYODER) İdarə Heyətinin sədri Onur Ünlü Bakı Enerji Forumu çərçivəsində keçirilən "ESCO Enerji Səmərəliliyi və İnvestisiya Platforması: beynəlxalq ESCO təcrübəsinin Azərbaycanın iri enerji istehlakçıları ilə birləşdirilməsi" adlı tədbirdə deyib.
O bildirib ki, bu gün Türkiyə bazarında Energetika Nazirliyi tərəfindən akkreditə olunmuş və enerji səmərəliliyi sahəsində aktiv fəaliyyət göstərən təxminən 70 şirkət mövcuddur:
"ESCO seqmentinə gəldikdə isə ölkədə birbaşa ESCO modeli üzrə fəaliyyət göstərən təxminən 10 şirkət var. Bundan əlavə təxminən 15 şirkət bərpa olunan enerji layihələri üzrə ixtisaslaşıb. Hazırda Türkiyədə enerji səmərəliliyi və bərpa olunan enerji sahələrinə yatırılan investisiyaların ümumi həcmi təxminən 2 milyard ABŞ dolları təşkil edir. Bununla belə hədəflənən artım göstəricisi daha yüksəkdir və investisiyaların illik həcminin 6 milyard ABŞ dollarına çatdırılması planlaşdırılır".
"Milli Enerji Səmərəliliyi Fəaliyyət Planı" çərçivəsində Türkiyə bu sektora təxminən 20.2 milyard ABŞ dolları investisiya yatırmağı qarşısına məqsəd qoyub. Bunun 5 milyard dolları dövlət, 15 milyard dolları isə özəl sektor tərəfindən təmin ediləcək. Bu planın həyata keçirilməsi nəticəsində 2030-cu ilə qədər karbon qazı (CO₂) emissiyalarının təxminən 100 milyon ton azaldılması nəzərdə tutulur", - deyə assosiasiya sədri əlavə edib.