Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycan manatı 29 yaşında: “Bakıya milli valyuta ilə ilk dəfə mən ayaq basdım” - MÜSAHİBƏ + FOTO
15 avqust Azərbaycanda ilk milli valyutanın dövriyyəyə buraxıldığı gündür. 1992-ci ildə dövriyyəyə buraxılan ilk manatın eskizləri azərbaycanlı xalçaçı-rəssam, Azərbaycanın xalq rəssamı, Rusiya Rəssamlar İttifaqı və UNESCO yanında Rəssamlar Birliyinin üzvü Eldar Mikayılzadəyə məxsusdur.
Rəssam Oxu.Az-a müsahibəsində ilk milli valyutanın hansı mərhələlərdən keçərək ərsəyə gəlməsindən danışıb. Müsahibəni təqdim edirik:
- İlk milli valyutanın yaradılması prosesinə necə start verildi?
- 1991-ci ilin dekabrında ilk milli valyutanın yaradılması ilə bağlı işlərə başlanıldı. SSRİ dağılandan sonra müstəqil olmuş respublikalar arasında sanki bir yarış var idi. Kim ilk milli valyutasını çap edəcək? Çünki, milli pul ən əsas, gözə görünən və ələ gələn elementlərdən biri hesab olunur. Dövlətin öz milli pulu varsa bu onun müstəqilliyinin fiziki elanıdır. İlk milli valyutanın eskizlərini cızmaq mənim şansıma düşdü. Müsabiqə elan edildi. Məni də dəvət etdilər. “Eskizlərini hazırla” - dedilər. Mən də hazırladım. O vaxtlar Mövsüm Orucov adlı tələbə dostum da mənə kömək etdi. Müsabiqəyə Türkiyə, İran və digər ölkələrdən qoşulanlar da var idi.
- Bəs, eskizlər seçildikdən sonra?
- Eskizlərim seçildi və təsdiq olundu. Pulun çapı ilə əlaqədar eskizləri təqdim etmək üçün tez-tez Fransanın Paris şəhərində pul çap olunan zavoda getməli olurdum. Buna görə də, ilk milli pasport alanlardan biri də mən idim. Bu pasportla sərhəddən keçəndə müstəqilliyi canımla, qanımla hiss etdim. Fransaya gedəndə pasport yeni olduğundan yoxlanışı həyata keçirən şəxsə tanış gəlmədi, pasporta bir-neçə saniyə baxdı, sonra üzr istədi və mənə qaytardı. Vladimir Mayakovskinin “Sovet Pasportu” şeirində belə bir hissə var idi: “Alın...a! Yana-yana qalın...a! Mən Sovet vətəndaşıyam!”. Mən isə əlimdə pasportumla Fransaya keçəndə “Alın...a! Yana-yana qalın...a! Mən Azərbaycan vətəndaşıyam!” - deyirdim. Həmin anda gözlərim dolmuşdu və ətrafımdakı insanlar təəccüblə mənə baxırdılar. “Axı, nə danışır bu”- deyə düşünürdülər.
- Eskizləri təqdim etdim, onlar metalın üzərində işlənilirdi. O qədər tələsirdik ki, ilk pulların üzərinə nömrə də qoyulmamışdı. Biz zavodun direktoru ilə dostlaşmışdıq. Mənə dedi ki, azərbaycanlıları çox sevir. Çemodana baxıb, “yaxşı olar ki, adi çantada nümunələri aparasınız” - dedi. Çünki, çemodan xüsusi idi. Bilinirdi ki, içərisində dəyərli nəsə daşınır. Ona görə, biz ilk nümunələri, hər nümunədən 10 paçka olmaqla adi idman çantasına yerləşdirdik. Bakıya milli valyuta ilə ilk dəfə mən ayaq basdım. Bunları yaşamaq tarixi hadisə idi.
- İlk milli valyuta çap olunana qədər hansı dəyişikliklər oldu?
- Bir çox dəyişiklik oldu. Əslində milli pulumuz başqa ölkədə çap olunmalı idi, lakin sonra Fransada çap olunmasına qərar verildi. İlk öncə yeddi nominal işlənmişdi. Azərbaycanın tarixi şəxsiyyətlərindən Məhəmməd Əmin Rəsulzadə, Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundov, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyov və Cəlil Məmmədquluzadənin portreti, ölkənin yeddi bölgəsi, onların tarixi abidələri, fauna və florasu üzrə kompozisiya işlənmişdi. Lakin, rənglərin müxtəlifliyi və daha çox element baxımından bu baha başa gəlirdi. İqtisadi çətinliklərdən dolayı iki şəxsin portretinin manatın üzərində əks olunmasına qərar verildi.
Məhəmməd Əmin Rəsulzadənin portreti 500 manatda, Nizami Gəncəvinin portreti isə 1000 manatda əks olunmalı idi. Lakin, daha sonra bildirdilər ki, Məhəmməd Əmin Rəsulzadənin portreti 1000 manatda olmalıdır. Biz izah edə bilmədik ki, əslində şəxs nə qədər çox tanınmışdırsa, onun portreti daha kiçik nominalda əks olunur. Çünki, 10 manatdan 10 ədəd, 1 manatdan 1000 ədəd çap edilir. Buna görə, yenidən Parisə getməli oldum. Artıq eskizi metalda işləmişdilər. Bunlar bahalı ləvazimatlar olduğundan növbəti dəfə işləmək üçün kağızın keyfiyyətini, gizlilik elementlərini azaltdıq. Eləcə də, Məhəmməd Əmin Rəsulzadənin fotosunu seçərkən də bir-neçə dəfə dəyişiklik etdik. Ümumilikdə dizayn mərhələsində üç dəfə dəyişikliyə getməli olduq. Dizayn edilən qəpikləri Azərbaycanda istehsal etməyi planlaşdırmışdıq. Buna cəhd də etdik, lakin keyfiyyəti istədiyimiz kimi olmadı. Buna görə qəpiklər də Parisdə hazırlandı.
- Eskizləri hazırlayarkən dizaynı hansı ideyanın üzərində qurdunuz?
- Milli valyutanın eskizlərini nəyinsə üzərində kökləməli idim və bu xalça oldu. Xalça Azərbaycanın ana dilidir. Nənə-babalarımız bu dildə danışıblar. Ona görə də, milli valyutanın eskizlərini xalçanın ruhunda köklədim.
- Qarabağın işğaldan azad edilməsi insanlarda çox böyük ruh yüksəkliyi yaradıb. İstənilən sahədə bu qələbənin əks olunmasını istəyirlər. Həmçinin, milli pulun üzərində də. Siz, bu barədə nə düşünürsünüz?
- İctimai-siyasi, xalqın həyatında baş verən hadisələr mütləq şəkildə ölkədə ən vacib sahələrdə əks olunmalı, tarixə qazılmalıdır. Həmçinin, pulda da. Təbii ki, gələcəkdə dizayn olunacaq milli valyuta nişanlarının üzərində Qarabağa məxsus simvollar əks olunmalıdır. Hər dövrün öz ruhu və tələbləri var. Bütün proseslər pulun dizaynına da təsir etməlidir və bilinməlidir ki, bu indiki dövrün puludur.
- Sizcə Qarabağla bağlı hansı simvollar milli valyutanın üzərində əks oluna bilər?
- Qarabağın “Xanlıq” xalçası, “Bağçada güllər” kompozisiyası var. “Bağçada güllər” məşhur Şuşa xalçasıdır. Sadaladığım kompozisiyaların yeni dizayn ediləcək pulların üzərində əks olunmasını istərdim.
Mövzudan kənar...
Eldar Mikayılzadə deyir ki, Azərbaycanın ilk valyutasının Fransada çap olunması onlara çox böyük təsir etmişdi, bu əslində bizim hardasa Qərb yönümlü dövlət qurmaq istədiyimizdən xəbər verirdi:
“Onların Azərbaycanla bağlı müsbət fikirləri var idi. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin Fransaya ilk səfərində mən də iştirak etmişdim. Məni özü ilə Parisə apardı. Orada Azərbaycana qarşı müsbət fikirlərin daha da artığını gördüm”.
“Barış Manço yaradıcılığımı bəyənmişdi. Mənimlə maraqlandı, daha sonra 1995-ci ildə İstanbulda fərdi sərgimi etdi. Mənimlə bağlı film də çəkmişdi, sonra “TRT 2”də yayımladı”.
“Bu “Yeddi alim” eskizidir. Gördüyünüz ki, Alim Qasımov yeddi dəfə təkrar olunur, hər muğamı oxuyanda rənglər dəyişir. Burada yeddi böyük bəstəkar və yeddi böyük şair təsvir olunub. Onlar Füzuli dağının ətəyində oturublar. Eskizdə Füzulinin göz yaşları əks olunub. Bu xalça iki ilə toxunacaq”.
“Hazırda fərdi sərgimə hazırlaşıram. Ötən il Kan və Paris şəhərində iki sərgim baş tutdu. Növbəti il Heydər Əliyev Fondunun dəstəyi ilə Londonda sərgi keçirməyi planlaşdırırıq”.
Nigar Məmmədova
FOTO: Firudin Səlimov
"Alim Qasımov" teqi üzrə xəbərlər
- Alim Qasımov: "Mikrofonu İbrahim Tatlısəsə uzatdım, mənimlə oxumadı"
- Azərbaycan muğamını dünyaya tanıdan sənətkar: Xalq artisti Alim Qasımovun doğum günüdür
- Bazarda işləyən müğənni: “Efirə çıxandan sonra işimi itirdim” - VİDEO
- Bakıda özbəkistanlı idmançı azərbaycanlı xanımla evləndi - VİDEO
- Fantastik qiymətə toya gedən Natiq Şirinov: “45 000 çox kiçik rəqəmdir, 220 min manat qazanmışam” - FOTO