Azərbaycan bankları şöbə və filiallarından kənarda olan mübadilə məntəqələrini bağlayırlar. Bu göstəriş bank rəhbərliklərindən gəlib.
“Zaminbank” ASC-nin Müşahidə şurasının sədri Nadir İsmayılovun Trend-ə bildirdiyinə görə, bankın idarə heyəti tərəfindən bu gündən etibarən ölkə üzrə mübadilə məntəqələrinin bağlanmasına dair qərar qəbul edilib, Oxu.Az xəbər verir.
“Bu gün biz mübadilə məntəqələrimizin bağlanmasına dair qərar qəbul etmişik. Belə ki, fəaliyyət sərfəli deyildi. Bizdə Bakıda, Xırdalanda, Gəncə və digər şəhər və regionlarda çoxsaylı mübadilə məntəqələri mövcud idi. Amma biz onların fəaliyyətinin davamını məqsədəuyğun hesab etmirik”, - İsmayılov deyib.
O bildirib ki, bankın ölkədə ümumilikdə 48 mübadilə məntəqəsi mövcud idi.
Müşahidə şurasının sədri eləcə də, bundan sonra valyuta mübadiləsini yalnız ümumilikdə 58 (39 filial və 19 şöbə) şöbə və filiallarında həyata keçiriləcəyini vurğulayıb.
Eləcə də “AGBank” və “Turanbank”ın mübadilə məntəqələri də bağlanılacaq.
İri mübadilə məntəqələrindən olan, Bakıda Rəsul Rza 8 ünvanında yerləşən “Turanbank”ın rəhbərinin Trend-ə bildirdiyinə görə, bu gün “Turanbank” filialından mübadilə məntəqəsinin bağlanmasına dair rəhbərlikdən göstəriş gəlib.
“Bu gün mənə bankdan zəng ediblər və möhürü qaytarmağı, lövhəni çıxarmağı və mübadilə məntəqəsini bağlamağımızı tapşırıblar. Bu qərarın səbəblərini mənə bildirməyiblər”, - mübadilə məntəqəsinin direktoru deyib.