Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Bazarlarda aparılan müşahidələr: kartof bahalaşmayıb, qiymətlər sabitləşib və ucuzlaşıb
Nazirlər Kabinetinin xaricdən kartof idxalına tətbiq olunan gömrük tarif dərəcələrini iki dəfə artırması bazarlarda kartofun qiymətinə mənfi təsir göstərməyib. Paytaxt bazarlarında apardığımız müşahidələr göstərir ki, kartofun topdan və pərakəndə satış qiymətləri əvvəlki günlərlə müqayisədə dəyişməyib.
Oxu.Az-ın məlumatına görə, bəzi bazarlarda kartofun qiymətində ucuzlaşma müşahidə olunur.
Kartofun ən ucuz qiyməti “8-ci kilometr bazarı” adı ilə tanınan bazardadır. Burada Tovuz, Qazax və Gədəbəydən gətirilmiş kartofun bir kisəsi (54-55 kiloqram) 26-27 manata satılır.
Pərakəndə satış qiyməti kartofun keyfiyyətindən və ölçüsündən asılı olaraq dəyişir. “8-ci kilometr bazarı”nda kiçik ölçülü kartof 40 qəpiyə, orta və böyük ölçülü kartof isə 50-60 qəpiyə satılır. Müşahidələr zamanı diqqəti üç məqam cəlb edir.
Birincisi, satışda xaricdən idxal olunmuş kartof, demək olar ki, yoxdur və ya azdır, ikincisi, bazarda bolluqdur, üçüncüsü, alıcı problemi yoxdur.
Keşlə bazarında, “Yaşıl bazar”da və “Təzə bazar”da kartofun qiyməti 70-90 qəpik arasında dəyişir. Satıcılar bu bazarlarda həftəiçi alıcı sayının az olduğunu, yalnız həftəsonları satış həcminin artdığını deyirlər.
Əsas kənd təsərrüfatı məhsullarının qiyməti də elə şənbə və bazar günləri formalaşır. Alıcılar bu bazarlarda qiymətlərin yay mövsümündə sabit qaldığını bildirir, satış yerlərinin az olması səbəbindən qiymətlərin formalaşmasında tələb-təklif qanunu deyil, insan amili əsas rol oynayır. Elə buna görə də bu bazarlarda əsas satış həftəsonuna təsadüf edir.
Paytaxt bazarlarında kartofun müqayisəli qiyməti
Bazar / Kartofun gətirildiyi region | Gədəbəy | Tovuz | Qazax | Cəlilabad |
“8-ci kilometr” | 40-60 qəpik | 40-55 qəpik | 40-55 qəpik | 40-50 qəpik |
“Keşlə bazarı” | 90 qəpik | 70 qəpik | 70 qəpik | 70 qəpik |
“Yaşıl bazar” | 90 qəpik | 80 qəpik | 75 qəpik | 75 qəpik |
“Təzə bazar” | 80-90 qəpik | 80-90 qəpik | 70-80 qəpik | 70 qəpik |
Müşahidələr göstərir ki, kartof idxalına gömrük tarif dərəcələrinin iki dəfə artırılması, iddia olunduğu kimi, kartofun pərakəndə satış qiymətinə təsir göstərməyib. Qiymətlərin sabit qalması və nisbətən ucuzlaşmasında bu il məhsuldarlığın bol olması əsas rol oynayır. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, 2018-ci ildə ölkə üzrə 900 min ton kartof yığılıb.
Kartof yığımı hələ başa çatmayıb, bu səbəbdən yaxın aylar ərzində bu rəqəmin daha da artacağı gözlənilir. Ekspertlərin hesablamalarına görə, Azərbaycanda adambaşına orta hesabla ildə 51 kiloqram kartof istehlak edilir. Bu isə toplanan məhsulun həcminin kartofa olan illik tələbatdan çox olduğunu, bu il kartofa olan ehtiyacın sırf daxili istehsal hesabına ödəniləcəyi deməkdir. Məhsulun bol olması bazarda qiymətləri uzun müddətə sabitləşdirib.
Bu amil, eyni zamanda, süni qiymət artımının qarşısını almağa imkan verir.