Aprelin 9-da SOCAR prezidenti Rövnəq Abdullayev Əfqanıstan İslam Respublikasının mədən və neft naziri Daud S.Saban ilə görüşüb.
Bu barədə Oxu.Az-a SOCAR-dan məlumat verilib.
SOCAR-ın məlumatına görə, Rövnəq Abdullayev Azərbaycanla Əfqanıstan arasında əlaqələrin inkişaf etdiyini, bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq üçün perspektivlərin araşdırıldığını, belə görüşlərin ölkələr arasında münasibətlərin inkişafında mühüm rol oynadığını söyləyib.
Öz növbəsində, Əfqanıstan İslam Respublikasının mədən və neft naziri Daud S.Saban bildirib ki, böyük neft və qaz potensialına malik olan Əfqanıstan artıq bir neçə ildir ki, beynəlxalq şirkətlərlə əməkdaşlığa başlayıb. Qonaq bu məqsədlə Azərbaycanın təcrübəsindən yararlanmaq istədiklərini, Əfqanıstanın yeraltı sərvətlərinin işlənilməsi istiqamətində SOCAR ilə əməkdaşlıq etməkdə maraqlı olduqlarını vurğulayıb. O, bütün sahələrdə, xüsusilə neft və qaz sektorunda inkişaf etmiş Azərbaycan iqtisadiyyatının Əfqanıstan üçün uğurlu bir model ola biləcəyini qeyd edib.
Rövnəq Abdullayev ölkəmizdə Əfqanıstan üçün neft mütəxəssislərinin hazırlanması ənənəsinin mövcudluğunu xatırladıb. O, həmçinin dost ölkənin neft-qaz sənayesi mütəxəssisləri üçün Azərbaycanda təcrübə mübadiləsinin təşkili istiqamətində real addımlar atmağın mümkün olduğunu bildirib.