"Azərbaycanda qabaqcıl tətbiqlərin təşviqləri, dövlət-özəl tərəfdaşlıq mexanizmləri və həyata keçirilən islahatlar nəticəsində özəl sektorun iqtisadiyyatda payı 81.4%-dir".
Oxu.Az xəbər verir ki, bunu "Güc Biznesdədir - DAYAQ" mükafatının təqdimat mərasimində çıxışı zamanı iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev deyib.
Onun sözlərinə görə, bu ilin ilk 9 ayında Azərbaycan iqtisadiyyatına qoyulan birbaşa xarici investisiyaların həcmi 4,7 milyard ABŞ dollarından çox olub ki, bu da ötən illə müqayisədə təqribən 5% çoxdur:
"Bu ilin 11 ayı ərzində özəl sektor tərəfindən qeyri-neft sektoru üzrə investisiyalar təqribən 17% artaraq 4.2 milyard manata yaxın olub. Ölkəmizdə xarici mənbələrdən investisiya yatırımları artıb. Təkcə bu ilin yanvar-noyabr aylarında əsas kapitala xarici mənbələrdən yatırılan investisiyalar ötən ilin eyni dövrü ilə müqayisədə 27 faiz artıb".
Nazir müavini əlavə edib ki, xüsusilə sənayenin inkişafı ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması baxımından prioritet təşkil edir:
"Bu ilin 11 ayı ərzində sənaye istehsalımızın 70%-dən çoxu özəl sektorun payına düşüb.
Ölkəmizdə inklüziv sahibkarlığın inkişafı qadınların biznes təşəbbüslərinin həyata keçirilməsinə şərait yaradıb. Bunun nəticəsidir ki, cari ilin 9 ayı ərzində qadın sahibkarlarımızın sayı artaraq 339 min nəfərə yaxınlaşıb".
Aygün Mirakif