Əmək müqavilələri bildirişlərinin qeydiyyatdan keçirilməməsi qanunvericiliyin pozulması halı kimi qarşılanacaq.
Qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemini “Elektron hökumət” portalında ( https://www.e-gov.az) yerləşdirərək 2014-cü il 1 iyul tarixdən istifadəyə verib. Elektron informasiya sistemi ilə bağlı metodiki göstərişlər və sistemdən istifadəyə dair müvafiq yardımçı materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytında ( www.mlspp.gov.az) yerləşdirilib.
Oxu.Az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan üç min manatadək, vəzifəli şəxslər üç min manatdan beş min manatadək, hüquqi şəxslər 20 min manatdan 25 min manatadək miqdarda cərimə edilir.
Bu Məcəllənin 53.1-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.
“Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi 7 min manatdan 10 manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər təkrar törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bu maddədə “xeyli” sayda dedikdə, on nəfər və ondan çox olan işçinin sayı nəzərdə tutulur.
Eyni zamanda Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin 58.10-cu maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir”, - məlumatda deyilib.
Gülnarə Zeynalova
www.oxu.az