Yer kürəsi hazırda kosmik fəzanın qeyri-sabit bölgəsindən keçir. Bu proses zamanı Yerə yaxın kosmik fəzada plazmanın temperaturu kəskin yüksəlib.
Oxu.Az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
Laboratoriyanın açıqlamasına görə, Yerə yaxın kosmik fəzada plazmanın temperaturu təxminən 30 min dərəcədən 200 min dərəcəyədək yüksəlib. Eyni zamanda, Günəş küləyinin parametrlərində də artım qeydə alınıb.
Alimlər bu dəyişiklikləri Günəşdəki tac dəliyindən gələn plazma axını ilə əlaqələndirirlər. Onların sözlərinə görə, Günəş küləyinin sürətində artımın zəif olması diqqətçəkəndir. Çünki bu, tac dəliklərinin əsas xüsusiyyətlərindən biridir. Bununla belə, sürətin sonradan artacağı istisna edilmir.
Laboratoriyanın alimləri tac dəliyinin kifayət qədər böyük olduğunu və görüntülərdə aydın seçildiyini bildiriblər. Buna görə də onun kosmik hava şəraitinə təsirinin daha 2-3 gün davam edəcəyi ehtimal olunur.
Bununla yanaşı, Günəşdə alışma aktivliyi sıfır səviyyəsində qalır. Alimlərin məlumatına görə, son üç gün ərzində heç bir alışma qeydə alınmayıb və vəziyyəti dəyişə biləcək hər hansı amil müşahidə olunmur.