"Əmtəə məhsul şəhadətnaməsi" və "maliyyə məhsul şəhadətnaməsi" arasındakı fərq müəyyənləşir.
Oxu.Az-ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Məhsul şəhadətnaməsi haqqında" Qanun layihəsində əksini tapıb.
Belə ki, sözügedən anlayışların mənaları aşağıdakı kimidir.
- əmtəə məhsul şəhadətnaməsi - borclunun məhsul şəhadətnaməsində göstərilmiş keyfiyyətdə və miqdarda aqrar məhsulu (bundan sonra - məhsul) şəhadətnamənin mülkiyyətçisinə təhvil-təslim aktı əsasında vermək və ya çatdırmaq öhdəliyini təsbit edən məhsul şəhadətnaməsi;
- maliyyə məhsul şəhadətnaməsi - borclunun məhsul şəhadətnaməsində göstərilmiş miqdarda pul məbləğini şəhadətnamənin mülkiyyətçisinə vermək öhdəliyini təsbit edən məhsul şəhadətnaməsi;
- məhsul şəhadətnaməsi - məhsulun istehsalı və ya ilkin emalı məqsədilə borclu tərəfindən elektron qaydada buraxılan, öhdəliyin icrasını təmin edən elə bir təminatlı qiymətli kağızdır ki, borclu həmin qiymətli kağızda göstərilmiş qaydada məhsulu və ya pul məbləğini mübahisəsiz qiymətli kağızın mülkiyyətçisinə təhvil-təslim aktı əsasında vermək və ya çatdırmaq öhdəliyini götürür.
Qanunda istifadə olunan digər anlayışlar Azərbaycanın normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.