“Fitch” beynəlxalq reytinq agentliyi İpoteka və Kredit Zəmanət Fondunun xarici və yerli valyutada uzunmüddətli defolt reytinqini “BB+” səviyyəsində təsdiqləyib.
Oxu.Az xəbər verir ki, qurumun reytinq üzrə proqnozu “Sabit” qiymətləndirilib.
“Fitch”ın proqnozuna görə, fonda dövlət dəstəyi davam etdiriləcək. Bura kapital inyeksiyası, onun istiqrazlarını Azərbaycan Mərkəzi Bankının alması və s. daxildir. Fond gəlir vergisi ödəmədiyi və həyata keçirdiyi əməliyyatlardan gəlir əldə edir.
“İpoteka və Kredit Zəmanət Fondu dövlət mülkiyyətindədir, dövlətlə güclü əlaqələrə malikdir və onun fəaliyyətinə nəzarət edilməsi Fondun dövlətin iqtisadi siyasətində strateji əhəmiyyətini göstərir. Dövlətin mənzil siyasətində Fondun rolu əhəmiyyətlidir.
Fond respublikada subsidiyalaşdırılmış ipoteka krediti verən yeganə dövlət təşkilatıdır. Son dövrlər iqtisadi böhranlar və artan bazar qiymətləri arasında yerli ipoteka bazarında mərkəzləşdirilmiş borcverən kimi fəaliyyət göstərir.
Fond Azərbaycanda ev təsərrüfatlarının borc götürdüyü daşınmaz əmlaklar üzrə kredit portfelinin 60 faizdən çoxunu əhatə edib”, - deyə açıqlamada bildirilir.