Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi beş ərzaq istehsalçısına “halal qida” sertifikatı verməkdən imtina edib.
Oxu.Az Marja-ya istinadən xəbər verir ki, Komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıbovun dediyinə görə, “Orxan-SS”, “Ovçular”, “Qafqaz”, “Avrora” (kolbasa-sosis məmulatı istehsalçıları) və “Siyəzən Broyler”ə tapşırılıb ki, aşkarlanan nöqsanları aradan qaldırsınlar. Onları aradan qaldırandan sonra yenə müraciət edə bilərlər.
SMPDK bu günəcən 4 şirkətdə: “Hakan Foods” FF Co.LTD, “Səhliyalı”, “M&T” LTD və “Zəhmət Ruzi” AZS 731-2012 “Halal qida. Ümumi tələblər” standartına uyğunluğu təsdiq edib.
Standart “Hala qida” (OİC/ SMİİC 1:2011“General Guidelines on Halal Food” vahid standartı əsasında hazırlanıb.
Dövlətstandartkom bu ay ərzaq məhsullarında markalanma zamanı istifadə edilən “Halal” nişanını təsdiq edib. Talıbov qeyd edib ki, bu günlərdə bu nişanın Bakıda “Aya Sofya” obyektində qanunsuz iştirakı aşkarlanıb.
Həmçinin bir sıra sertifikatlaşmadan keçməyən kolbasa istehsalçılarının məmulatlarının etiketində “halal”dan istifadə edilir.