2013-cü ildə ölkədə istehsal olunmuş ümumi daxili məhsulun (ÜDM) həcmi əvvəlki ilə nisbətən 5,8% artaraq 57,7 milyard manata çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda deyilir.
Məlumatda qeyd olunur ki, ötən ildə ümumi daxili məhsulun əhalinin hər nəfərinə həcmi 4,4% artaraq, 6207,3 manat və ya 7912,5 ABŞ dolları təşkil edib.
2013-cü ildə iqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyərin 10,0% artımı müşahidə olunub, onun ÜDM-də xüsusi çəkisi əvvəlki ildəki 53,5%-dən 56,6%-dək yüksəlib. Ümumi daxili məhsulun 43,4%-i neft-qaz istehsalı və emalı sahələrinin payına düşüb və əvvəlki ilə nisbətən 1,0% artıb.
2013-cü ildə sənayedə 26,7 milyard manatlıq, yaxud ümumi daxili məhsulun 46,3 faizi qədər, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 3,1 milyard manatlıq (müvafiq olaraq 5,3 faiz), tikintidə 6,8 milyard manatlıq (11,8 faiz), nəqliyyat və anbar təsərrüfatında 2,8 milyard manatlıq (4,8 faiz), informasiya və rabitə xidmətlərində 1,0 milyard manatlıq (1,8 faiz), ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 4,1 milyard manatlıq (7,1 faiz), turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində 1,1 milyard manatlıq (1,8 faiz), sosial və digər xidmətlər sahəsində isə 8,5 milyard manatlıq (14,7 faiz) əlavə dəyər yaradılıb.
Məhsula və idxala xalis vergilər ÜDM-in 6,4%-ni təşkil edib.