Aprel ayı ərzində daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 25,8 mindən çox sığorta müqaviləsi bağlanıb.
Oxu.Az xəbər verir ki, İcbari Sığorta Bürosundan verilən məlumata görə, 2014-cü ilin aprel ayında daşınmaz əmlakın icbari sığortası üzrə 24,971, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 812, sərnişinlərin fərdi qəza sığortası üzrə 92 sığorta müqaviləsi bağlanıb.
Daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği 1,767,497 manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 58,320 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 54,781 manat təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 2,46 dəfə, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası müqavilələrinin sayında 16,5% artım müşahidə edilib.
Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 87,43%-i yaşayış evləri və mənzillər, 0,16%-i inzibati binalar, 12,41%-i digər daşınmaz əmlakla bağlı olub. İcbari qaydada sığortalanmış yaşayış evləri və mənzillərin şəhər və rayon üzrə bölgüsü aşağıdakı kimi olub: Bakı – 28%, Sumqayıt – 15%, Gəncə - 9%, Salyan – 4%, Masallı, Ağsu, Ağstafa, Abşeron, Xaçmaz, Şirvan – hər biri 2%, digər – 29%.
Gülnarə Zeynalova
www.oxu.az