"Son illər KOBİA tərəfindən sahibkarlıq mühitinin sadələşdirilməsi, xidmətlərin modernləşməsi və biznes-dövlət əlaqələrinin çevikləşməsi istiqamətində atılan addımlar öz praktiki nəticəsini verir".
Bu sözləri Oxu.Az-a açıqlamasında iqtisadçı Eldəniz Əmirov Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Avropa İttifaqının dəstəyi ilə hazırlanan "EU Business Climate Report: Azerbaijan 2024" hesabatında effektivlik baxımından bütün dövlət qurumları arasında birinci sırada qərarlaşmasını şərh edərkən deyib.

Onun sözlərinə görə, KOB evləri modelinin Aİ tərəfindən innovativ təşəbbüs kimi tanınması təsadüfi deyil:

"Bu, Azərbaycanda KOB sektoruna yönəlmiş və KOBİA tərəfindən icra edilən institusional siyasətin artıq ölçüləbilən real təsir yaratdığını və bunun beynəlxalq səviyyədə tanındığını göstərir.
Xüsusilə KOB evləri modelinin Aİ tərəfindən innovativ təşəbbüs kimi tanınması təsadüfi deyil. Bu model sahibkarlara "tək pəncərə" rahatlığı ilə xidmət göstərir, bürokratik yükü azaldır, biznesin gündəlik ehtiyaclarına real cavab vermək üçün yaradılıb.
Fikrimcə, hesabatın nəticələrində ən çox diqqətçəkən amillərdən biri KOB dostu şəbəkəsinin roludur.
Çünki paytaxtda və regionlarda real sahədə bizneslə birbaşa təmasda olan, sahibkarın problemini dinləyən, həll yolları axtaran və həqiqətən, "dost" funksiyasını yerinə yetirən məhz bu komandadır. KOB dostu illərdir bölgələrdə gənc və peşəkar dövlət xidmətinin yeni modelini formalaşdırır.
Artıq altı ildir fəaliyyət göstərən bu KOB dostu şəbəkəsi dövlət xidmətinə ənənəvi yanaşmanı tamamilə dəyişdirərək regionlarda sahibkarlar üçün dayaq nöqtəsinə çevrilib. Bu gün əldə olunan yüksək beynəlxalq qiymətləndirmə də məhz həmin uzunmüddətli əməyin, davamlı fəaliyyətin və sahə ilə canlı iş prinsipinin məntiqi nəticəsidir".
Aqil Vəlili