2003-cü ildə hazırlanmış “Nabukko” layihəsini Aİ, hətta ABŞ-da dəstəkləyib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Natiq Əliyev NGE verdiyi müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu layihə onlar üçün Rusiyanın Avropanın enerji sektoruna nüfuzunun azalmasının rəmzi idi.
“Şahdəniz” yatağını işləyən konsorsium ikinci faza çərçivəsində layihə üzərində 2007-ci ildə işə başlayıb. Azərbaycan hökuməti ilə “Şahdəniz” operatoru arasında sazişə əsaslanaraq ikinci mərhələ çərçivəsində qazın hasilatına başlandı və Aİ ölkələrinə ixrac 2011 və 2012-ci illərə planlaşdırılırdı, amma Aİ siyasətinə görə, 2020-ci ilə qədər təxirə salındı.
Bu konsorsium Azərbaycan üçün itirilmiş kapital demək idi. Biz qazı Avropaya (2011-ci ildə) yüksək qiymətlərlə ixrac etməyə başlayacağımızı təsəvvür edin”, - N.Əliyev Xəzərin energetik məsələləri üzrə ekspert İlham Şabana verdiyi müsahibəsində bildirib.
“Nabukko” və “Cənub qaz dəhlizi”nə gəldikdə isə, onun sözlərinə görə, “Nabukko”nun konsorsiumu tamamən yanlış idi. Belə ki, hər şirkət eyni paya malik idi və kommersiya müttəfiqi kimi ölkə hökumətləri ilə əməkdaşlıq etmək istəmirdi.
“Cənub qaz dəhlizi” haqqında danışdıqda isə o qeyd edib ki, layihə “Şahdəniz” yatağından qazı ixracı üçün hazırlanıb və Azərbaycan qazı onun əsas mənbəyidir.
Onun sözlərinə görə, yaxın on illikdə Abşeron və digər qaz yataqlarının işlənməsinə başlanacaq. Azərbaycanın “Cənub qaz dəhlizi”ni təmin etmək üçün yetərincə qaz ehtiyatı var, amma bu layihə başqa ölkələr üçün də açıqdır.
“Bizim bu sahədə təcrübəmiz var. Biz Azərbaycan neftinin nəqli üçün Bakı-Tbilisi-Ceyhan layihəsini işə salmışıq, amma bir neçə il sonra bu kəmər vasitəsilə Qazaxıstan və Türkmənistandan da neft nəql edilməyə başlandı. Biz bu yanaşmanı “Cənub qaz dəhlizi”ndə də tətbiq etməliyik” , - Natiq Əliyev bəyan edib.