Oxu.Az “Güvən” xeyriyyə qrupunun təsisçisi Nigar Bayramlı ilə müsahibəni təqdim edir.
- Nigar xanım, özünüz haqqında məlumat verərdiniz..
Adım Nigar Bayramlıdır. Xeyriyyəçiliyə gəldikdə isə, bu işə marağı məndə atam oyadıb. O, mənə ətrafdakılara, özündən böyüklərə hörmət etməyi, ehtiyacı olanlara yardım etməyi öyrədib. Məktəbdə oxuyarkən məni qocalar evinə göndərirdi, biz o zaman Gəncədə yaşayırdıq. Əslində, o yaşımda bu qəbildən olan tədbirlərdə iştirak edəndə, bu işin məğzini dərindən dərk etmirdim. Daha sonra universitetə daxil oldum. İxtisasca iqtisadçıyam. Tələbəlik illərində bu işlə məşğul olan insanlarla əlaqə qurdum, yenidən bu işə yönəldim.
Daha sonra “Park Bulvar”da əl işlərini satıb, əldə edilən vəsaiti xəstə uşaqların yardımına sərf edirdik. Bir müddət sonra bu işlə məşğul olan qrupla tanış oldum, onlar aztəminatlı ailələrə yardım edirdilər.

- Xeyriyyə tədbirlərinin təşkilatçılığı ilə nə vaxtdan məşğulsuz?
- 2009-cu ildən artıq bu işlə geniş şəkildə məşğul olmağa başladım. Düzünü desək, şəhərdə olan uşaq evlərinə, qocalar evinə yardım edənlər çoxdur, şəhər kənarına çıxanlar azdır. 2012-ci ildə Facebook-da “Gəlin mehriban yaşayaq” qrupunu yaratdım. Çağırışılar etməyə başladım, orda yazılan paylaşımlarıma görə məni danlayanlar da olurdu (gülür). Hətta statuslarımda qrammatik səhvləri tutub tənqid edənlər də az deyildi (gülür). Amma buna baxmayaraq, səsimə səs verənlər də oldu. Binəyə, Bayıla, Binəqədiyə tədbirlərə getməyə başladıq. İndiyə qədər həmin adamlara yardım etməyə davam edirik. Artıq məni tanımağa başladılar.
- Xeyriyyəçiliklə məğul olmağa başladığınız müddət ərzində sizin fikrinizcə ən fəal hansı il olub?
- 2013-cü il mənim üçün ən fəal il oldu. Düzünü desəm, o illərdə də mən uşaqlığımın təsiri altında idim. İndi son iki ildə məşğul olduğum işin məsuliyyətini, çətinliyini dərk edirəm. Uşaqlıqda keçirdiyim çətin günlərim mənə irəliləməyə yardım etdi. Təminatlı ailədə doğulsam da, elə bir an oldu ki, demək olar küçədə qaldıq. İndiyə qədər hər ağlayan uşaqda özümü görürəm. Bunu anlatmaq mənim üçün çox çətindir. Bilmirəm niyə, amma mən yardım etməli olduğumu bilirəm.

- Məncə, siz artıq buna məqsəd kimi deyil, missiya kimi yanaşırsız? Zaman və ya qüvvənizin tükənəcəyi sizi qorxutmur?
- Anam indiyə qədər mənim bu işimə müsbət yanaşmır. Sanki bir stereotipdir, bu işlə məşğul olanlar ya ağır xəstəliyə düçar olur, ya da bədbəxt bir hadisə ilə qarşılaşırlar. Anam mənim üçün qorxur... qorxmağa gəlidkdə isə, mən qorxmuram. Etdiyim hər şeydə Allaha sığınıram. Bir il öncə Balakənə getməli idim. Balakənə hər ay gedirəm. Orda USP əziyyət çəkən uşaqlar var. Yanvar ayında o uşaqlardan Arzu adlı bir qızı itirdik.
Mən ora getməyə hazırlaşırdım, amma heç cür alınmırdı, qarşıma müxtəlif maneələr çıxırdı. Amma gözləmədiyim bir anda, gözləmədiyim bir adamdan yardım gəldi. Yəni, demək istəyirəm ki, niyyətin ali olduqda, yaradan yol açır. Sən sadəcə inanmalı və güvənməlisən.

- Siz bölgələrə getdiyinizi dediniz, bu yardım proqramını necə qurursunuz? Vəsaiti necə toplayırsınız?
- Vəsait adi vətəndaşlardan daxil olur. Siyahı tuturuq, qrafikimiz var.
- Yardımı hansı prinsiplər üzrə müəyyənləşdirirsiniz? Yardım edəcəyiniz insanları necə tapırsınız?
- Bütün rayonlarda könüllülərimiz var, onlar bizə kimin nəyə ehtiyacı olduğunu bildirirlər. İmkan daxilində o insanlara yardım edirik. Bu illər ərzində o qədər insanla tanış olmuşam ki, təsəvvür edə bilməzsiniz. Mən əminəm ki, bu qədər xeyirsevər insanların olduğu bir diyarda şər qələbə çala bilməz.
- İnsanların etibarını qazanmaq çətindir?
- Əslində çox çətindir. Çünki səninlə əl-ələ verib, hansısa işi görmələri üçün insanların sənə etibar etmələri şərtdir.

- Ən yadda qalan yardım layihəniz hansıdır?
- Əlbəttə ki, Nuranə və Ənvərin toyu (gülür). Bu ilk toydur, amma sonuncu deyil! Apreldə növbəti toy olacaq.
- Bu toy ideyası necə yarandı?
- Yanvarda onlarla tanış oldum. İnternata getmişdik. Orda mənə toy etmək istədiklərini dedilər. Maraqlı gəldi, evlənəcək cütlüyü görmək istədim. Nuranədən nə istədiyini soruşdum, o, ağ gəlinlik arzuladı. Vəssalam (gülür). Tanışlara zəng etdim, kimi saç düzümünü, kimi makiyajı boynuna götürdü. Beləliklə də fevralın 6-da toy baş tutdu.



- Növbəti toyun hazırlıqları başlayıb?
- Mən artıq hazırlıqlara başlamışam. Demək olar ki, artıq hər şey planlaşdırılıb. Bu da iki kimsəsiz uşağın toyu olcaq! Bu qeyri-adi toy olacaq, burada bir bəy, bir gəlin deyil, bu toyda üç gəlin və üç bəy olacaq. Hazırlıq planlarına gəldikdə isə, keçən toyda həyata keçirməyi çatdırmadığım bəzi ideyaları bu toyda reallaşdıracam.

- Ümumiyyətlə planlarınız haqqında danışardınız...
- Əslində etmək istədiklərimiz çoxdur! Amma real planlara gəldikdə, təbii ki, nəzərdə tutduğumuz yardım tədbirlərimiz olacaq, bayaqda qeyd etdiyim kimi, aprel ayında toy olacaq. Amma bir arzum da var, Balakəndə reabilitasiya mərkəzi açmaqdır. Çünki orada çoxsayda uşaq serebral iflicdən əziyyət çəkir və onlar müalicə üçün Şəkiyə gəlməli olurlar. Amma vəsait çatışmazlığından uşaqların çoxu mərkəzə gələ bilmir, mümkün tibbi yardımı ev şəraitində alırlar.
- Balakəndə yerləşən internatdan başqa, getdiyiniz internat var?
- Saray qəsəbəsində də internat var, amma bu internatdakı uşaqlar fiziki məhdudiyyətləri olasa da, onlar arasında istedadlı uşaqlar çoxdur. Məsələn, bir əlinin olmamasına baxmayaraq, orada stolüstü tennis oynayan çempion var. Həmçinin rəssamlar və tətbiqi sənət növləri ilə məşğul olan uşaqlar var. Çünki onların təhsili və təlimi ilə məşğul olan çox diqqətli və məsuliyyətli müəllimlər var. Gələcəkdə Balakəndə açmağı planlaşdırdığımız mərkəzdə də belə şəraitin yaradılmasını və belə müəllimlərin işləməsini istəyirik.
- Balakəndə reabilitasiya mərkəzinin açılması istiqamətində hansısa addımlar atılıb?
- Sənədlərə əsaslanan təşkilatın olmadığı üçün bu iş ləngiyir. İlk olaraq təşkilat yaratmaq lazımdır. Amma mən ümid edirəm ki, mənimlə həmfikir olan insanların sayı az deyil və biz onlarla birləşərək bu planı həyata keçirəcəyik.

- Uşaqların müxtəlif bacarıqlarının olduğunu söylədiniz. Bu işlərin onların maddi durumlarına müsbət təsiri var?
- Bəli, onlar bununla pul qazanırlar. Məsələn, elə çalışdığım “Heyva” restoranı üçün kompot və mürəbbələri həmin internat evlərinin qızları hazırlayır. Biz onlardan alırıq. Çox istərdim ki, onlardan bu məhsulları alanların sayı çoxalsın. Çünki birdəfəlik maddi yardımdansa, onların əl işlərinin zəhmətinin bəhrəsini almaq, onlara qazanmaq imkanı vermək daha məqsədəuyğundur. İnternatda hazırlanan rəssamlıq və tətbiqi sənət nümunələri “Jumeyrah” otelindədir, orada sərgilənmişdi. Onların satışını təşkil etmək istəyirik. Yəni, biz o işlərə 50-100 manat qoymaq istəmirik, uyğun qiymətlərə satmağı planlaşdırırıq.
- “Güvən” haqqında danışardınız...
- İlkin olaraq bu səhifənin adı “Help hand” idi, daha sonra “Güvən” oldu. Mən istərdim ki, yardıma ehtiyacı olan insanlar güvənsinlər. Onların öz xalqına, Allahına güvənmələrini istəyirəm. Çünki Allah insanların əli ilə yardım edir. Mən insanları qabiliyyətinə, fiziki imkanlarına görə ayırmıram. Hər bir uşağın sevgiyə, qayğıya ehtiyacı var. Əlimdən gəldiyi qədər onlara bu sevgini və qayğını göstərəcəm. Çünki onların gözündəki sevinc heç bir sərvətlə müqayisə oluna bilməz!

- Həmin uşaqlar üçün onların yaşadıqları internat evlərindən kənarda tədbir təşkil etmisiz?
- Bəli, axı onların nəyi əskikdir? Onların da gəzməyə, görməyə haqqı var. Biz gəmi gəzintisinə getmişik, karaokeyə gedəcəyik. Onlar çox istedadlı uşaqlardır. Əsas məqsədim isə bu uşaqlar üçün reabilitasiya mərkəzi və məktəb açmaqdır.

- Oxucularımıza nə demək istərdiniz?
- Nə demək istərdim? İlk olaraq mənə dəstək olan insanlara təşəkkür etmək istəyirəm. Xalqımla fəxr edirəm. İnanıram ki, sadə insanların əməyinə qarşı bəzi jurnalistlərin ədalətsiz münasibəti cəzasız qalmayacaq. Kiminsə işini bəyənmirsizsə, tənqid etməkdənsə, siz də bir iş görün. Sadəcə xeyirxah olun. Çünki istənilən halda xeyir şərə qalib gəlir.
- Müsahibə üçün təşəkkür edirik və işlərinizdə uğurlar diləyirik.
Səbinə Səmidxan
Foto: Nürət Abdullayev
Toy fotoları: Mehdi Ağayev