Hal-hazırda ölkədə işsizliyin səviyyəsi 5%-ə çatır, amma ölkə əhalisinin 30%-ni təşkil edən gənclər arasında bu rəqəm 15-29 yaş arası kateqoriyası üçün 9,9%, 15-24 yaş arası kateqoriyası üçün isə 13,5%-dir.
Oxu.Az Abc.az-a istinadən xəbər verir ki, bu barədə Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.
“Əhalinin bu kateqoriyasının əmək məşğulluğu çox aktual məsələdir. Məşğulluq problemi ilə əksər hallarda ali təhsilli və ilk iş yerini axtaran gənclər rastlaşır, belə ki, işverənlər əsasən təcrübəli işçilərə üstünlük verirlər, nəinki məzunlara”, - nazir deyib.
Onun sözlərinə görə, məhz bu Beynəlxalq Əmək Təşkilatı (İLO) ilə əməkdaşlıq prinsiplərinə əsaslanan “Təhsildən məşğulluğa: iş axtaran ali təhsilli gənclərə dəstək” adlı birgə layihənin keçirilməsinə səbəb oldu.
“Layihə bir tərəfdən gənclərin təhsil prosesindən birbaşa fəal əmək fəaliyyətinə keçidini asanlaşdıracaq, digər tərəfdən isə belə gənclərin dotasiyalı əməkhaqqı əsasında işə cəlb edilmələrini təmin edəcək. Layihənin birinci mərhələsində təhsildən sonra məşğulluq mərkəzlərinə müraciət edən 15 nəfər seçiləcək, bu şəxslərə işlədikləri ilk altı ay müddətində əməkhaqqı işverən tərəfindən deyil, İLO tərəfindən ödəniləcək”, - S.Müslümov deyib.