"2026-cı və sonrakı üç il üzrə büdcə-vergi siyasətinin istiqamətləri müəyyən edilərkən gəlirlər üzrə sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, vergi yükünün optimallaşdırılması, vergi və gömrük sahəsində inzibatçılığın təkmilləşdirilməsi kimi çağırışlar nəzərə alınıb".
Oxu.Az xəbər verir ki, bunu maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclasında "Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, 2026-cı ilin dövlət büdcəsinin xərcləri 41,7 milyard manat həcmində proqnozlaşdırılır: "Bu, cari illə müqayisədə 296.0 milyon manat və ya 0.7 faiz, ötən illə müqayisədə isə 4.0 milyard manat və ya 10.6 faiz çoxdur. Ortamüddətli dövrdə, yəni 2022-ci illə müqayisədə dövlət büdcəsinin xərcləri 9.6 milyard manat və ya 30 faiz artıb. Növbəti il üçün dövlət büdcəsi xərclərinin 25.2 milyard manatı və ya 60.3 faizi cari xərclərə (2025-ci illə müqayisədə 407.0 milyon manat və ya 1.6 faiz çox), 14.1 milyard manatı və ya 33.8 faizi əsaslı xərclərə, 2.5 milyard manatı və ya 5.9 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə (2025-ci illə müqayisədə 58.0 milyon manat və ya 2.4 faiz çox) yönəldiləcək".
Mərahim Nəsib