"Qarabağ" və "Neftçi" arasında baş tutan oyunlarda 13 avtoqol qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Azərbaycan derbilərindəki ilk üç avtoqola "Qarabağ", son beş avtoqola isə "Neftçi" imza atıb. İlk avtoqola Səttar Əliyev ("Qarabağ") 1999-cü il noyabrın 14-də imza atıb, həmin oyun "Neftçi" qələbəsi ilə (2:0) başa çatıb.
"Neftçi"nin ilk avtoqolu isə 2016-cı il avqustun 21-nə təsadüf edir - bu dəfə ağdamlılar böyükhesablı (3:0) qələbəyə seviniblər.
İki avtoqol (ardıcıl iki oyunda) edən yeganə futbolçu isə "Neftçi"dən Jayro Rodriqes olub - 2016-cı ilin avqustunda və oktyabrında baş tutan hər iki oyunda bölgə təmsilçisi üstün olub (3:0 və 2:0).
İki avtoqol olan yeganə oyun isə 2022-ci il mayın 21-də baş tutub - 4:1 hesabı ilə başa çatan oyunda "Qarabağ"a İvan Brkiç və Fərid Yusifli "kömək ediblər".
Eyni oyunda həm öz, həm də rəqib qapısına qol vuran yeganə oyunçu isə Mateus Saldanya olub - 2023-cü il fevralın 5-də bakılılar 2:4 hesabı ilə məğlub olublar.
Meydan sahibləri 4 dəfə, qonaq komanda isə 9 dəfə avtoqol edib. "Qarabağ" evdə 1, səfərdə 4, "Neftçi" evdə 3, səfərdə 5 avtoqola üzülüb.
2016/2017 mövsümündə daha çox - 3 avtoqol qeydə alınıb. "Neftçi" üç fərqli matçda öz qapısına qol vurub.
Qeyd edək ki, "Azersun Arena"da keçiriləcək növbəti "Qarabağ" - "Neftçi" derbisi noyabrın 9-da saat 18:44-də start götürəcək.