Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Neft niyə ucuzlaşır?
Pərviz Heydərov yazır...
İlin ortasında cari ilin dövlət büdcəsi dəyişdirildikdən sonra neftin xaricə satış qiymətinin əvvəl proqnozlaşdırılandan 15 dollar yuxarı, yəni 75 ABŞ dollarına qaldırılması, bundan əlavə, ötən ilin dördüncü, bu ilinsə birinci rübü ərzində neftin orta ixrac qiymətinin 87.2 ABŞ dolları təşkil etməsi ilə əlaqədar bütövlükdə neft-qaz sektoru üzrə gəlirlər 605.0 milyon manat və ya 3.5% artıq nəzərdə tutulub.
Maliyyə Nazirliyinin ilin ilk 7 ayının yekununa əsasən qalan 5 ayın da sonuna doğru gözləntiləri ilə bağlı arayışında belə deyilir.
Neftin qiyməti isə düşüb və düşür. Hazırda "Brent" markalı neftin dünya bazar qiyməti 70 ABŞ dollarından cüzi artıqdır ki, bu da 2023-cü ilin iyun ayından bəri ən aşağı göstəricidir. Keçən ilin iyununda 75 dollar civarında idi. Ötəm müddət ərzində bu rəqəm hətta 80-dən də yuxarı qalxmışdı.
Qiymətlər niyə düşüb və bunun dövlət büdcəmizə zərəri nədir?!
Məlumdur ki, neftin dünya bazar qiymətləri ümumiyyətlə, bir sıra amillər əsasında formalaşır - təzahür edir. Bunların sırasında obyektiv və subyektiv amillər var. Bəzən, hətta adi bir siyasətçinin belə neftlə bağlı hər hansı bəyanatı qiymətlərə təsir edir. Ancaq əsas etibarı ilə hər şey hasilat və tələbat səviyyəsindən asılıdır.
Çində neftə tələbat azalıb. Üstəgəl, ABŞ iqtisadiyyatında da lənglik ortaya çıxıb. Digər tərəfdən isə, OPEC+ ölkələri üzrə hasilatın oktyabrdan etibarən artırılacağı gözləntisi var. Bütün bu kimi səbəbləri ümumiləşdirərək bir cümlə ilə qeyd etsəm, hazırda dünyada tələbatdan çox neft təklifi yarandığı müşahidə edilir.
Ən pisi odur ki, bunun davamlı xarakter daşıyacağı bildirilir.
Qlobal iqtisadiyyatda və tələbdə bu gün vəziyyət əvvəlki kimi deyil, demək olar, çox şey dəyişib, dəyişməkdə də davam edir. Bir tərəfdə, real olaraq satdıqlarından daha çox həcmdə neft satmaq istəyən ölkələr qrupu var, digər tərəfdə isə neftdən istifadəni, yəni istehlakı tədricən azaltmaq istəyində olan və bu sahədə müvafiq siyasət yürüdən ölkələr...
Odur ki, necə deyərlər, arzular ilə imkanlar üst-üstə düşmür.
Ona görə də qiymətləri sabit saxlamaq üçün hasilatı aşağı həddə tutmaq vacib sayılır. Buna isə nəzarət lazımdır. Əsas nəzarətçi qurum olan OPEC+ isə qeyd olunanlara və müşahidələrə əsasən bu funksiyanı deyəsən, yerinə yetirə bilmir...
Çünki adıçəkilən qurumun iki ən nəhəng üzvü olan Səudiyyə Ərəbistanı ilə Rusiya arasında adi sözdə belə hər hansı razılıq əldə olunardısa, bazar buna dərhal reaksiya göstərərdi, indi isə bu, özünü büruzə vermir.
Elə sözügedən kontekstdən də çıxış edərək məsələn, "Bloomberg" ekspertləri qeyd edirlər ki, OPEC+ iştirakçıları neft qiymətlərini kifayət qədər sabit saxlamaq iqtidarında deyillər və qurum tərəfindən bundan sonra ediləcək bütün cəhdlər effekt baxımından müvəqqəti xarakter daşıyacaq. Bu səbəbdən də, yaxın perspektivdə qiymətlərə dair heç bir yaxşı proqnozlar irəli sürülmür.
Yəni, daha aşağı rəqəmlər söylənilir.
Məsələn, "Morgan Stanley" qlobal bankının analitiklərinə görə, "Brent" markalı neftin qiyməti 2024-cü ilin dördüncü rübü ərzində orta hesabla 1 barelə görə 75 dollar, "Goldman Sachs"a görə 2025-ci il üçün 77 dollar, "Citigroup" görə isə 60 dollar ətrafında olacaq.
Sözsüz ki, bütün bunlar ehtimaldır. Neftin qiymətinə dair dəqiq proqnoz irəli sürmək əslində, mümkün deyil. Xüsusən də, uzunmüddətli olaraq. Ancaq buna rəğmən, qiymətlərin nə qədər aşağı düşsə də belə, 60 ABŞ dolları həddindən də aşağı enəcəyi gözlənilmir. Çünki bu, irili-xırdalı heç bir hasilatçı ölkə üçün sərfəli deyil. Həmçinin, Azərbaycan üçün də...
O ki qaldı real qiymət enişinin dövlət büdcəmizə təsirinə, ilin ortasında cari il üçün büdcədə proqnozlaşdırılan 60 ABŞ dollar 75-ə qaldırıldığından hazırda əldə edəcəyimiz gəlir təbii ki, bundan aşağı düşüb. Lakin, bu il üçün heç bir təhdid gözlənilmir, mövcud da deyil. İlin sonunadək neft satışından gəlirlərimiz artıqlaması ilə təmin olunacaq.
Yeri gəlmişkən, Energetika Nazirliyinin məlumatına əsasən, 2024-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycanda 19.3 milyon ton neft (kondensatla birlikdə) hasil edilib ki, bunun 11.1 milyon tonu "Azəri-Çıraq-Günəşli"nin, 2.8 milyon tonu (kondensat) "Şahdəniz"in, 0.4 milyon tonu (kondensat) "Abşeron" yatağının payına düşüb ki, SOCAR üzrəsə sözügedən göstərici, yəni kondensatla birlikdə neft çıxarılması 5 milyon ton təşkil edib.
Və hesabat dövründə 16 milyon ton neft (kondnsatla birlikdə) ixraca nəql olunub. Bunun 13.9 milyon tonu konsorsiumun, 2.1 milyon tonu isə SOCAR-ın payına düşüb. Ümumiyyətlə, 2024-cü ilin dövlət büdcəsinə yenidən baxıldıqdan sonra gəlirlər 36 milyard 388 milyon manat, o cümlədən neft-qaz gəlirləri 17 milyard 769 milyon manat səviyyəsində təsdiq edilib ki, Dövlət Neft Fondundan 12 milyard 781 milyon manat transfert nəzərdə tutulur.
Amma bir məsələ var, o da bundan ibarətdir ki, gələn ilin, yəni 2025-ci ilin dövlət büdcəsində neftin qiyməti 50-55 ABŞ dollarından yuxarı nəzərdə tutulmalı deyil.
"Neftin qiyməti" teqi üzrə xəbərlər
- "S&P" 2027-ci ilə qədər Azərbaycanda neft hasilatının həcmini açıqladı
- Neftin qiymətinin 70 dollar civarında proqnozlaşdırılması risklidirmi?
- Büdcəmizin əleyhinə olan proqnoz: Gələn il neft daha da ucuzlaşacaq - "Kaspi"nin şərhi
- Gələn il Azərbaycan neftinin büdcə qiyməti 70 dollar olacaq
- "Brent" markalı neft antirekordunu YENİLƏDİ