Rusiyanın “Rosneft” şirkəti dünyanın ən böyük neft şirkətlərindən biridir. Bu şirkət Sibirdə, Arktikada və Rusiyanın bir çox regionlarında layihələr həyata keçirir. Biz də bu layihələrin reallaşmasında yaxından iştirak etmək istəyərdik.
Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib.
Onun sözlərinə görə, hazırda bəzi perspektivli layihələr baxılma mərhələsindədir:
“SOCAR Rusiyadakı layihələrdə iştirakda maraqlıdır”.
R.Abdullayev bildirib ki, Rusiyada çətin çıxarıla bilən neft ehtiyatları var:
“Hazırda bu yataqlar işlənilmir. Bu yataqların ehtiyatları milyardlarla ton ola bilər. Ümumiyyətlə, Rusiyada çoxlu imkanlar və perspektivlər var”.
SOCAR prezidentinin sözlərinə görə, bununla bərabər “Rosneft” də Azərbaycan yataqlarının işlənilməsində maraqlı ola bilər:
“Rosneft” Xəzər dənizinin Azərbaycanın sektorundakı “Abşeron” yatağının işlənilməsi və kəşfiyyat işlərinin aparılmasına cəlb oluna bilər. Bundan başqa, SOCAR-ın “Rosneft”lə birgə layihələri mövcuddur. Rusiya şirkəti Bakı-Novorossiysk kəməri ilə Rusiyadan Bakıya neftin nəql olunması və bu neftin neftayırma zavodlarında emal edilməsi məsələlərinin iqtisadi qiymətləndirilməsi aparılır”.
R.Abdullayev qeyd edib ki, Bakı-Novorossiysk neft kəmərinin illik ötürmə gücü 5 mln. ton təşkil edir və Azərbaycan bu imkanlardan da tam istifadə etmək niyyətindədir.