"2023-cü illə müqayisədə, yaşıl enerji sahəsində dövlət xərcləri 21% artıb və əsasən, Xızı, Qobustan və Cəbrayıl rayonlarında həyata keçirilən Günəş və külək enerjisi layihələrinə yönəldilib. Hesablama Palatasının hesabatında bu vəsaitlərin istifadəsi ilə bağlı ümumi məlumatlara rast gəlinsə də, onların nəticələri və təsirləri ilə bağlı dərin təhlillər yer almayıb. Gələcəkdə bu sahədə audit yoxlamalarının aparılmasına və əsaslı təhlillər edilməsinə zərurət var".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, deputat Sadiq Qurbanov deyib.
Onun sözlərinə görə, bu baxımdan, nəticəyönümlü büdcə və yaşıl büdcə yanaşmalarının palatanın audit fəaliyyətində mərkəzi yer tutması məqsədəuyğun olardı:
"Hesabatlarda yaşıl keçid, rəqəmsal transformasiya və iqlim risklərinin iqtisadiyyata təsiri kimi mövzuların daimi şəkildə yer alması mütləqdir. Bununla yanaşı, nəticəyönümlü, strateji və yaşıl iqtisadiyyata uyğun audit metodologiyasının tətbiqini də vacib hesab edirik. Bu baxımdan, biz Hesablama Palatasının fəaliyyətinin təkcə nəzarət yox, həm də inkişafedici və istiqamətverici funksiyalarla zənginləşməsini arzu edirik".
Mərahim Nəsib