31 dekabr 2025-ci il - 4 yanvar 2026-cı il tarixlərində, daha doğrusu bayram günlərində baş vermiş hadisələrlə bağlı doqquz qeyri-həyat sığorta şirkətinə ümumilikdə 2 156 sığortalı müraciəti daxil olub.
Azərbaycan Sığortaçılar Assosiasiyasından Oxu.Az-a daxil olan məlumata görə, müraciətlərin böyük hissəsi - 1 876-sı avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növü üzrə qeydə alınıb. Bundan əlavə, 260 müraciət KASKO sığortası, 15 müraciət daşınmaz əmlakın icbari sığortası, beş müraciət isə əmlakın yanğından və digər risklərdən sığortası növü üzrə olub.
1 237 sığorta hadisəsi üzrə ehtimal olunan zərər məbləği 1 milyon 243 min 223 manat olaraq müəyyən edilib. Qalan 919 hadisə üzrə isə zərərin qiymətləndirilməsi prosesi hazırda davam etdirilir. İlkin hesablamalara əsasən, bütün hadisələr üzrə qiymətləndirmə prosesi başa çatdıqdan sonra ümumi zərər məbləğinin 2 milyon manatı ötəcəyi gözlənilir.
Sığorta şirkətlərinə daxil olan müraciətlərin təxminən 70 faizi paytaxt Bakının, 30 faizi isə respublikanın şimal dağətəyi ərazilərinin payına düşür.
Elmidar Əliyev