Respublikanın energetika sistemində yaranmış çətinliklərlə əlaqədar SOCAR-ın quru mədənlərində iş rejimi müvəqqəti olaraq pozulub.
Bu barədə Oxu.Az-a Azərbaycan Dövlət Neft Şirkətindən bildiriblər.
Qeyd olunub ki, SOCAR-ın dəniz mədənləri (“Neft daşları”, “28 May” NQÇİ, N.Nərimanov adına NQÇi-nin “Bulla” yatağı) öz daxili enerji sistemləri hesabına neft və qaz hasilatını normal vəziyyətdə davam etdiriblər.
“Şahdəniz” və AÇQ platformaları və Səngəçal Terminalı normal iş rejimi ilə qazın və neftin nəqlini davam etdirir. Yaranmış çətinliklərə baxmayaraq, Azərbaycanın qaz-nəql sistemində problemlər yaranmayıb”, - deyə, şirkətdən bildiriblər.
SOCAR-dan qeyd olunub ki, hazırda “Azərenerji” ASC-nin İES-nin yenidən işə buraxılmasında qaz təminatının həyata keçirilməsi üçün heç bir problem yoxdur:
“Enerji sistemi qəza vəziyyətindən çıxdıqdan sonra qısa müddətdə yaranmış pozuntular aradan götürüləcək”, - deyə, şirkətin məlumatında bildirilir.