"Biz daha çox qaz tədarük etməyə və infrastrukturumuzu genişləndirməyə hazırıq".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf 31-ci Bakı Enerji Forumu çərçivəsində keçirilən "Liderlərin çıxışları: Enerji transformasiyası və gələcək strategiyaları mövzusunda liderlərin mövqeyi" adlı panel müzakirədə deyib.
O bildirib ki, bunun üçün Avropadakı tərəfdaşlarla əməkdaşlığa və uzunmüddətli öhdəliklərə ehtiyac var:
"Gələcəkdə işlənilməsi nəzərdə tutulan digər layihələr də mövcuddur və onlar daxili istehlakla yanaşı ixrac üçün də bazara əlavə qaz həcmləri çıxaracaq. Bu mənada Azərbaycan qarşıdakı onilliklər ərzində qaz hasilatını artırmağa davam edəcək və tərəfdaş ölkələrin etibarlı təchizatçısı olaraq qalacaq. Qaz istehlakı ilə bağlı bütün proqnozlar və planlar göstərir ki, tələbat gələcəkdə daha da artacaq. Bunun iki əsas səbəbi var. Birincisi, qlobal təchizat zəncirlərində baş verən pozuntular və ölkələrin daha etibarlı enerji mənbələri axtarışıdır. İkincisi isə süni intellekt texnologiyalarının və məlumat mərkəzlərinin (data center) sürətli inkişafı nəticəsində enerji tələbatının əhəmiyyətli dərəcədə artmasıdır. Biz bu tələbatı qarşılamaq iqtidarındayıq, lakin əlbəttə ki, bu, tələbin hansı sürətlə artacağından asılı olacaq. Bununla yanaşı, biz xaricdə də müxtəlif investisiya imkanlarına sərmayə yatırırıq, fərqli region və yurisdiksiyalarda fəaliyyətimizi genişləndirərək resurs bazamızı şaxələndiririk".