"SOCAR metan emissiyalarının idarə olunması və azaldılması məsələsini bu sahədə əsas hədəf kimi müəyyənləşdirib".
Oxu.Az xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidentinin müavini Hikmət Abdullayev 31-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisində "Upstream əməliyyatlarında emissiyaların azaldılması: Praktiki yanaşmalar - metan emissiyalarının azaldılması, elektrikləşdirmə və dərhal təsir göstərən əməliyyat səmərəliliyinin artırılması" adlı panel müzakirəsində deyib.
O qeyd edib ki, son vaxtlarda bu istiqamətə xüsusi diqqət yetirilir:
"Hazırda metan emissiyalarının azaldılması üçün bir sıra alətlər və metodologiyalar müəyyən etmişik. Onların tətbiqi isə yalnız müasir texnologiyaların köməyi ilə mümkündür. Bu baxımdan, neft-qaz sənayesinə texnoloji həllər təqdim edən şirkətlərin rolu böyükdür".
H.Abdullayev əlavə edib ki, qaz sızmalarının aşkarlanması və aradan qaldırılması üzrə tədbirlər metan emissiyalarının azaldılmasında ən effektiv və sürətli nəticə verən istiqamətlərdən biridir:
"Bu sahədə görülən tədbirlər adətən daha sadə olur və bir çox hallarda həm əməliyyat, həm də kommersiya baxımından səmərəli hesab edilir".