Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Çinin "Sinopec Engineering" şirkəti arasında əməkdaşlığa dair çərçivə sazişi imzalanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) məlumat yayıb.
Məlumata görə, şirkətin prezidenti Rövşən Nəcəf "Sinopec Engineering"in prezidenti Çjan Sinmin ilə görüş keçirib.
Görüşdə Azərbaycan ilə Çin arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən enerji sektorunda uğurla inkişaf etdiyi bildirilib. Bu xüsusda, SOCAR ilə Çin şirkətləri arasında mövcud əməkdaşlıq məmnunluqla qeyd olunub.
Söhbət zamanı neft və qazın emalı sahəsində, neft-kimya, rəqəmsallaşma, enerji keçidi, müasir emal texnologiyalarının tətbiqi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.