"Azərbaycanda həm də nail olacağımız ən mühüm göstəricilərdən biri məşğulluğun artması və daha çox iş yerlərinin açılması ilə bağlıdır. Mən təklif etmək istəyərdim ki, Azərbaycanda indidən sonra yeni iş yeri açan və yaxud əməkhaqqını artıran sahibkarlara ən azı bir il müddətinə bütün vergilərdən 50% güzəşt tətbiq olunsun".
Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tahir Mirkişili deyib.
O bildirib ki, ilk dəfə əmək bazarına daxil olan insanlara vergi güzəştləri tətbiq edilməlidir:
"İstəyərdim ki, Azərbaycanda universiteti bitirib ilk dəfə əmək bazarına daxil olan insanlara vergi güzəştləri tətbiq olunsun, çünki bu, məşğulluqda daha çox effekt verər".
T.Mirkişilinin sözlərinə görə, hazırda Azərbaycanda büdcə gəlirlərinin hər 100 manatından 44 manatı verginin, 18 manatı isə gömrük rüsumları hesabına formalaşır:
"Gürcüstan dövlət büdcəsində büdcə gəlirlərinin hər 100 manatın 78 manatı vergi hesabına formalaşır, Türkiyədə isə hər 100 manatın 86 manatı vergi hesabına formalaşır. Bu onu göstərir ki, Azərbaycanda vergi siyasəti yumşaqdır və yük digər ölkələrlə müqayisədə aşağıdır".
Millət vəkili bildirib ki, hazırda büdcə gəlirlərinin 7.3 milyard manatı vergi və gömrük azadolmalarıdır:
"Onlardan 3.5 milyard manatı gömrük, 3.8 milyard manatı sahibkarlıqla bağlıdır. Bu da təxminən 20%-ə bərabərdir".
Samir Əli