Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

7 milyon pul, başı yarılmış FTX zabiti – Bakılı milyonçunun MƏHKƏMƏ İŞİ
Bu gün, fevralın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində Ukraynada nazir müşaviri olmuş Konstantin Kuçer və Azərbaycanda daha çox Oleq Bakinski kimi tanınan Oleq Andreyeviç Krapivinin cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək.
Oxu.Az Musavat.com-a istinadən xəbər verir ki, cinayət işi hakim Elnur Nuriyevin sədrliyi ilə araşdırılır.
İş üzrə zərərçəkən statusunda isə ABŞ sanksiyaları altına düşən Rusiya Müdafiə Nazirliyi ilə əlaqəli "Aviazapchast" ASC-nin sahibi Valeriy Nikolayeviç Zaxarenkovdur.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı olan Valeriy Zaxarenko Bakıya lisenziyası ləğv edilmiş "Günay Bank"dakı hesabda olan bir neçə milyon avro pulla bağlı gəlib. Lakin bank bağlandığından həmin pulları bankdan çıxarmaq problemi ilə üzləşib. Bu problemi yoluna qoymaq üçün Oleq Bakinski, Antoniviç Kuçer ilə Valeriy Zaxarenkonun görüşü təşkil olunub. Onların görüşü Xətai rayonunda yerləşən "Babək Plaza"da baş tutub.
İttihama görə, görüş zamanı tərəflər ortaq məxrəcə gələ bilməyiblər və aralarında mübahisə düşüb. Oleq Bakinski şüşə butulkası ilə Zaxarenkoya xəsarət yetirib. Bundan sonra FTX (Federal Təhlükəsizlik Xidməti) zabiti Valeriy Zaxarenkoya tibbi yardım göstərmək üçün onu Yeni Klinikaya aparıblar. Oleq Bakinski ittihamı qətiyyətlə rədd edir.
Valeriy Zaxarenko ilə bəlli olan budur ki, onun rəhbərlik etdiyi "Aviazapchast" Açıq Səhmdar Cəmiyyəti (ASC) 2020-ci ildən ABŞ Dövlət Departamentinin sanksiyaları altına düşüb. Sanksiya tətbiqi şirkətin İran, Şimali Koreya və Suriyaya münasibətdə Kütləvi Qırğın Silahlarının (KQS) yayılmaması ilə bağlı Amerika qanunvericiliyini pozması ilə əsaslandırılıb. Müttəhim Konstantin Kuçerə qarşı "Aviazapchast" Açıq Səhmdar Cəmiyyəti adından bir milyon manat, "Promyshlennye Postavkı Kazakhstan" Məhdud Məsuliyyətli Cəmiyyəti isə 5 milyon 184 min manatlıq iddia qaldırıb.
Valeriy Zaxarenko Konstantin Kuçerlə yanaşı, Oleq Bakinskiyə qarşı da mülki iddia verib. Zərərçəkən onların hər birindən 50 min manat tələb edir.
Məhkəmə mülki iddiaları icraata qəbul edib. Hakim mülki iddialarla bağlı məhkəmənin sonunda qərar veriləcəyini açıqlayıb. Konstantin Kuçer xuliqanlıq və dələduzluqda, Oleq Bakinski isə az ağır xəsarət yetirmə, xuliqanlıqda ittiham olunur. Konstantin Kuçer vaxtilə Ukrayna Müdafiə Nazirliyinin aviasiya məsələləri üzrə müşaviri olub. O, məhkəmədə tərcüməçinin xidmətindən istifadə edir. Oleq Bakinski isə Azərbaycan dilində sərbəst danışdığından tərcüməçi xidmətindən imtina edib. Konstantin Kuçer də ittihamı qəbul etmir, özünü təqsirli bilmir. Ötən prosesdə Konstantin Kuçer sərbəst ifadə verib.
Kuçerin sözlərinə görə, 2024-cü il iyulun 24-də dostu ona zəng edərək bildirib ki, iş gördüyü biznesmenlər onunla görüşmək istəyir:
"Oleq zəng edib dedi ki, qonaqlar gəlib. Aşağı düşəndə çox təəccübləndim ki, bu şəxslərlə daim görüşürəm. Yəni kiminsə vasitəsilə görüşmək mənə qəribə gəldi. Sonra qonaqlarla birgə ofisə qalxdıq və onlara yüksək səviyyədə qulluq göstərildi. Söhbət zaman Valeriy Zaxarenkov bankdakı vəsaitlə bağlı tələblər irəli sürdü. Mən də dedim ki, həmin vəsaitlər ləğv olunan "Günay Bank"dadır".
Konstantin Kuçer bildirib ki, görüş zamanı çay içib, normal söhbət ediblər:
"Mənə çox qəribə gəldi ki, niyə bu görüş vasitəçi ilə təşkil edilib?". Onun sözlərinə görə, iyulun 31-də polis əməkdaşları gəliblər, deyiblər ki, onları general göndərib: "Dedilər ki, bizimlə getməlisiniz. Mən də vəkilimə zəng edərək heç bir problem yaratmadan Bakı Şəhər Baş Polis İdarəsinə getdim. Orada müstəntiq Mahmud Quliyev bildirdi ki, Valeriy Zaxarenkovun şikayət ərizəsi var və mənə qarşı xuliqanlıq maddəsi ilə cinayət işi başlayıb".
Konstantin Kuçer qeyd edib ki, onların şirkətlərlə müqaviləsi olub, heç kimə qarşı dələduzluq etmək niyyəti olmayıb. Onun sözlərinə görə, müharibə başlamamışdan əvvəl Rusiyaya, Qazaxıstana və Hindistana mal göndərmək barədə razılıq əldə olunub:
"Müharibə başlayana qədər tədarüklər yerinə yetirilib. Amma sonra problemlər yaranmağa başladı".
Oleq Bakinski sərbəst ifadəsində baş verənlərə ironik münasibət bildirib:
"Mən burada deyilənlərə qulaq asıram. Deyirlər ki, bir milyon bura getdi, bu qədər ora getdi. Öz-özümə fikirləşirəm ki, Məşədi İbad demişkən, bəs mənim bir abbasım hara getdi? Əgər mən butulka ilə zərərçəkmişi vurmuşamsa, həmin butulka hanı? Mən heç kimə əl qaldırmamışam. Günahım yoxdur. Mən onların nə fikirlə ora gəlməsini bilməmişəm. Deyirlər ki, köynəyində qan izi olub. Amma mənim paltarımda qan izi olmayıb. Kamera görüntülərinə baxmaq olar. Hədə-qorxu gəlməmişəm, şəxsi ədavətim olmayıb. Altı aydır ki, həbsdə olmağımın səbəbini bilmirəm. Mənim bu insanlara köməkliyim dəyib. Mən kişi adamam. Etmişəmsə, cəzamı çəkərəm. 65 yaşım var, idmançı tələbələrim var. Mən qaçan oğlan deyiləm, namusum da var, vicdanım da. Mən beş il diasporanın rəhbəri olmuşam. Belə bir hadisə olmayıb".
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsindən əvvəl Oleq Bakinski Ukraynada Azərbaycan diasporunun ən parlaq üzvlərindən olub. O, Kiyev Azərbaycanlıları Konqresinə rəhbərlik edib.
Oleq Bakinski 1960-cı il sentyabrın 29-da Şamaxı rayonunun Şəhriyar qəsəbəsində anadan olub. 1966-cı ildə ailəsi ilə birlikdə Bakıya köçüb. İlk təhsilini Sabunçu qəsəbəsi 68 saylı orta məktəbdə alsa da, sonra təhsilini Bakıxanov qəsəbəsində yerləşən idman təmayüllü internat məktəbində davam etdirib. 2007-ci ildə Türkiyənin İstanbul şəhərində veteranlar arasında keçirilən yarışda sərbəst güləş üzrə dünya çempionu adını qazanıb. Adı Bakı ilə bağlı olsa da, o, 1989-cu ildən Kiyev şəhərində yaşayıb. 30 ilə yaxın Ukraynada yaşadığı dövrdə Kiyevdə "Bakines" adlı güləş klubu yaradıb. Son illər Ukraynaya girişi qadağan edilmişdi və Bakıda yaşayırdı.
"Oleq Bakinski" teqi üzrə xəbərlər
- "Oleq Bakinski"nin ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin edilməyib
- "Oleq Bakinski" və Ukraynanın sabiq nazir müavinin məhkəməsində 6 milyon manatlıq mülki İDDİA
- Oleq Bakinskinin məhkəməsi - "Mən bakılıyam, Azərbaycan vətəndaşıyam, tərcüməçi lazım deyil"
- Bakıda həbs olunan ukraynalı milyonçuya qarşı əlavə ittiham irəli sürüldü
- Xuliqanlıqda ittiham olunan milyonçu həbsdə qaldı