Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Anastasiyanın ərinin vəkilindən ittihamlara cavab: “Arvadı da bir neçə dəfə ona əl qaldırıb” - FOTO
Ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirdiyini iddia edən Anastasiya Bektimirovanın yaydığı videomüraciət ötən gün gündəm yaradıb.
Bektimirova sosial şəbəkə hesabı üzərindən paylaşdığı müraciətdə gözünü itirməsinə səbəb olan əri Yalçın Bektimirova 2 il həbs cəzası verilməsindən, həmçinin cəza müddəti bitdikdən sonra yenidən bir evdə yaşaya biləcəklərindən şikayətlənib.
Media.Az xəbər verir ki, Yalçın Bektimirovun vəkili Siyasət Sultanlı müvəkkilinə qarşı ittihamlara aydınlıq gətirib.
O, açıqlamasında Daxili İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunanları bir daha təsdiq edib. Vəkil A.Bektimirovanın gözünü xəsarət səbəbindən deyil, xəstəlikdən itirdiyini bildirib. Onun sözlərinə görə, bu, ibtidai və məhkəmə istintaqı dövründə ekspert rəyləri ilə sübuta yetirilib.
“Mütəxəssislərin rəyinə görə, Anastasiyanın sol gözünün sklerasının yırtılmasına səbəb onun aldığı xəsarətə görə deyil, göz toxumalarının qidalanmaması və orqanının tam funksiyasını itirməsi olub. Amputasiya və protezin yerləşdirilməsi ərinin yetirdiyi xəsarətə görə deyil, uşaqlıqdan əziyyət çəkdiyi xroniki xəstəlik və sonradan xəstəliyin qlaukoma ilə nəticələnən ağırlaşmasına görə həyata keçirilib. Onun gözü artıq çoxdan işığa reaksiya vermir.
Ona görə də müvəkkilimə cəmi iki il həbs cəzası verilib. Təbii ki, bu ona haqq qazandırmır, mən hər hansı zorakılığın əleyhinəyəm. Bizdə bu cür hadisələr kifayət qədər çoxdur: ərlər arvadlarını, bəzən isə qadınlar ərlərini döyürlər. Sadəcə olaraq mentalitetimizə görə güclü cinsin nümayəndələri onlara qarşı şikayət ərizəsi yazmırlar. Arvadı da bir neçə dəfə ona əl qaldırıb, hətta bu faktı təsdiqləyən fotoşəkillər də var”.
Vəkilin sözlərinə görə, Bektimirovanın hazırda əsas məqsədi paytaxtın Yasamal rayonunda yerləşən mənzilin yeganə qanuni sahibi olmaqdır. Lakin mənzilin ipotekası Bektimirovun adına verilib.
“Yalçın neft şirkətində yüksək vəzifədə işləyib və çox yaxşı maaşı var idi. Buna görə də uzun müddətdir ki, ipotekanı məhz o ödəyib. Anastasiyanın pul verdiyinə dair ifadəsi doğru deyil. Bektimirov xarici dilləri bilir, parlaq karyerası olub, amma indi hər şeyi itirib”, - deyə S.Sultanlı yekunlaşdırıb.
Rəylər