Bakıda ərzaq mağazalarından birindən oğurluq olub. Həmin an mağazanın təhlükəsizlik kamerasına da düşüb.
Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, görüntülərdən aydın olur ki, mağazada özünü müştəri kimi qələmə verən şəxs guya ərzaq mallarına baxır. Satıcının digər müştərilərə danışdığını görən kimi planını icra edir. Ancaq oğurluğunun kameraya düşdüyünü bilmir.
Bir neçə cəhddən sonra nəhayət ki, satıcının gözündən yayınaraq piştaxtanın arxasındakı kassadan 2 min manat pulu götürüb cibinə qoyur.
Külli miqdarda pulu götürdükdən sonra o, şübhə yaratmasın deyə mağazanı dərhal tərk etmir. Öz növbəsini gözləmiş kimi dayanır, bir müddətdən sonra mağazadan çıxır.
Zərərçəkmişlər hadisədən axşam mağazanı bağlayıb, pulları hesablayarkən xəbər tutublar. Dərhal mağaza sahibi təhlükəsizlik kameralarına baxış keçirib. Pulun oğurlandığını gördükdən sonra ərazi üzrə Nəsimi rayon 22-ci polis bölməsinə məlumat veriblər.
A.M.