Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bakıda xüsusi təyinatlı vaqondan qaçan “Qoca” ləqəbli avtoritet kimdir? – DOSYE + FOTO
Bu gün Bakıya etap edilən zaman Biləcəri dəmiryol stansiyasında qaçan dustaq Etibar Ələkbər oğlu Məmmədov kriminal aləmdə böyük nüfuza malikdir.
Oxu.Az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, Etibar Məmmədov kriminal aləmdə “Qoca”, “Etibar Hacıqabullu”, “Brodyaqa Etibar” ayamaları ilə məşhurlaşıb.
O, uşaq yaşlarında cinayət törətdiyi üçün həbsə düşüb. Onu Bakıda olan Yetkinlik Yaşına Çatmayanlar üçün Tərbiyə Müəssisəsinə göndəriblər.
Orada E.Məmmədov “opşak” yaradıb. Elə məhz bu müəssisədə qaldığı dövrdə həbsxana nəzarətçisini qətlə yetirib. Yaşı az olduğu üçün bu cinayətə görə 10 il azadlıqdan məhrum edilib. Çünki Azərbaycan Cinayət Məcəlləsinə əsasən, 18 yaşına çatmayan şəxslərə 10 ildən artıq cəza verilmir.
“Qoca”nın həbsxanada nəzarətçini qətlə yetirməsi kriminal aləmdə səs-küyə səbəb olub. Təkcə Azərbaycanda deyil, keçmiş MBD ölkələrində kriminal aləm üzvləri tərəfindən Etibar Məmmədovun avtoriteti qəbul edilib.
Etibar Məmmədov 18 yaşına çatandan sonra onu Azərbaycanda olan həbsxanalara etap ediblər. Harada cəza çəkməsindən asılı olmayaraq, “Qoca Hacıqabullu” içəridə “vəziyyət” yaradıb.
Belə ki, o, “oğru qanunlarını” həbsxanada icra etdirib. Xələcdə cəza çəkdiyi müddətdə onun həbsxanada qiyam qaldırdığı bildirilir. Dustaqlar onun sözü ilə qiyama qoşulub. Çətinliklə də olsa, hüquq-mühafizə orqanları vəziyyəti nəzarətə götürə bilib.
Bir müddət sonra isə “Xələc türməsi”nin rəisi olan Abbasqulu Qarayev vəzifəsindən azad edilib.
“Etibar Hacıqabullu” azadlığa çıxdıqdan sonra Bakıda və Azərbaycanın başqa bölgələrində kriminal mübahisələrə qoşulub. Dəfələrlə xırda cinayətlərə görə saxlanılıb, lakin bir müddət sonra azadlığa çıxa bilib. “Qoca” Azərbaycanda həbsdə olan “Lotu Quli” ləqəbli kriminal aləm üzvü Nadir Səlifova yaxınlığı ilə seçilir.
Digər “qanuni oğrular”la yaxın münasibətdə olan Etibarın azadlıqda olan zaman “Lotu Yunus Yasamalinski” kimi tanınan Yunus Nəzərovla da şəkilləri var.
O, 2015-ci ilin noyabrında Şirvan şəhərində 2 nəfərin xuliqanlıq zəminində qətlə yetirilməsi cinayətindən sonra həbs edilib. Belə ki, Şirvan şəhərində kriminal mübahisə zamanı Elvin Nəciyev və Zaur Sarıbalayevin qətlə yetirilmələri ilə əlaqədar tutulan 5 nəfər arasında olub. Qətlə yetirilən Elvin Nəciyev isə kriminal aləmdə “Krıtıy Elvin” adı ilə tanınıb.
Hazırda bu işin istintaqı Lənkəran Ağır Cinayətlər Məhkəməsində aparılır və prokuror Etibar Məmmədovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Bu gün E.Məmmədovla birgə qaçan Əli Ağami də kriminal aləm üzvlərində olub. Məhz “Qoca” ilə birlikdə həbs edilib. Ona da prokuror 19 il azadlıqdan məhrumetmə cəzası istəyib.
Hər iki şəxs Biləcəri stansiyasında qaçsalar da, onların bu əməli qatar "28 May" metrostansiyasının yaxınlığında - Bakı Dəmir Yolu Vağzalında dayanarkən məhbusların təhvil-təslim zamanı məlum olub.
Qeyd edək ki, “Qoca” bu gün Lənkərandan Bakıya gətirilən zaman qatardan qaçmağa nail olub. Bununla bağlı Penitensiar Xidmət rəsmi məlumat yayıb.
Məlumatda qeyd edilib ki, oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.
Hazırda hər iki kriminal aləm üzvü hüquq-mühafizə orqanları tərəfindən axtarışdadır.
Onların necə qaçdığı və ya kimlər tərəfindən qaçırıldığı araşdırılır.
A.M.
Mövzuya aid xəbərlər
- Qaçan məhbuslara görə vəzifəli şəxsləri hansı cəza gözləyir? - AÇIQLAMA
- Qaçan dustaqlardan digəri də kriminal şəxs olub
- Qaçan məhbuslara üst-üstə 38 ilədək cəza istənildi – TƏFƏRRÜAT + VİDEO + YENİLƏNİB
- Penitensiar Xidmət iki məhkumun qaçması haqqında məlumat yaydı
- Qaçan məhkumlardan birinin FOTOLARI yayıldı
Rəylər