Baş Prokurorluq Bərdədə yol polisi əməkdaşının yandırılması faktı ilə bağlı məlumat yayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, dekabrın 2-də saat 19:30 radələrində Bərdə şəhər sakini Cəfərov Elçin Ələsgər oğlu sərxoş vəziyyətdə idarə etdiyi “VAZ 2106” markalı avtomobillə Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yol hərəkət qaydasını pozaraq işıqforun qadağanedici qırmızı işığında nəqliyyat vasitəsini idarə etdiyinə görə Bərdə rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin Yol Patrul Xidməti inspektoru Aqil Quliyev tərəfindən saxlanılarkən avtomobili orada qoyub uzaqlaşıb. E.Cəfərov təxminən 10 dəqiqədən sonra həmin yerə qayıdaraq ondan sənədlərini təqdim etməsini və sərxoşluq müayinəsindən keçməsini tələb edən A.Quliyevin üstünə özü ilə plastmas qabda gətirdiyi benzin yanacağını töküb alışqanla yandıraraq sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edərək müqavimət göstərib.
Faktla bağlı E.Cəfərovun barəsində rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.
Hadisə zamanı sağ əlindən yanıq xəsarəti alan A.Quliyevə rayon xəstəxanasında ilkin tibbi yardım göstərilərək evə buraxılıb.
E.Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
16:00
Bərdədə sərxoş sürücü yol polisini yandırıb.
Oxu.Az xəbər verir ki, Bərdə Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün rayon mərkəzində qeydə alınıb.
Bərdə Rayon Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Aqil Quliyev xidmət zamanı rayon sakini Elçin Ələsgər oğlu Cəfərovun idarə etdiyi “VAZ 2106” markalı avtomobili saxlayıb. İlkin araşdırma zamanı E.Cəfərovun sərxoş olduğu məlum olub və sürücü hadisə yerindən qaçıb.
Bir müddət sonra sürücü evə gedərək benzin gətirib və yol polisinin üzərinə tökərək onu yandırıb. Hadisəni törədən E.Cəfərov tutulub.
A.Quliyev ikinci dərəcəli yanıq xəsarəti ilə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
15:36
Bərdə rayonunda yol polisi əməkdaşı yandırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Aktual.az-a Bərdədən məlumat verilib.
Rayondakı mənbənin bildirdiyinə görə, adı məlum olmayan rayon sakini Bərdə rayon yol polisi idarəsinin əməkdaşı Aqil Quliyevin üzərinə benzin tökərək od vurub.
Məsələ ilə bağlı Bərdə Rayon Polis Şöbəsindən faktı Aktual.az-a təsdiqləyərək bildiriblər ki, iş Bərdə Rayon Prokurorluğundadır, araşdırılır.
E.Ə.
www.oxu.az