Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Blokda arvadını bıçaqlayan şəxs məhkəmə zalında həbs edildi
Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərərvurmada təqsirləndirilən Məhəmməd Fərhadovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Məhəmməd Fərhadov 3 il 2 ay 3 gün müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunub və Məhəmməd dərhal məhkəmə zalında həbs edilib.
İttihama görə, hadisə 24 fevral 2023-cü il tarixdə, saat 19:30-da Bərdə rayonu 866 saylı qəsəbədə yerləşən binaların birində yerləşən blokda qeydə alınıb.
Belə ki, Məhəmməd Fərhadov keçmiş arvadı, zərərçəkmiş Arzu Quliyeva (soyadı şərti) ilə mübahisə edib. Mübahisəyə səbəb isə qadının uşaqları kişiyə göstərməməsi və onun ünvanına nalayiq ifadə işlətməsi olub. Bu zaman təqsirləndirilən şəxs özü ilə gətirdiyi mətbəx bıçağı ilə qadının döş qəfəsinin sol arxa səthinə, hər iki süd vəzinə, sağ bazu, sol bud və sol baldırına zərbələr endirərək ona xəsarətlər yetirib.
Hadisədən sonra Məhəmməd Fərhadov saxlanılıb və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Rəylər