Bakıda qadının atası ilə əlbir şəkildə həyat yoldaşını qətlə yetirməsi ittihamı üzrə məhkəmə prosesi davam etdirilib.
İş üzrə Nəcəf Qafarov və onun qızı Nuranə Məhərrəmova mühakimə olunurlar.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Nuranə Məhərrəmovanın vəkili vəsatətlə çıxış edərək müvəkkilinin psixi vəziyyətinin yoxlanılması ilə bağlı onun məhkəmə psixiatrik ekspertizadan keçirilməsini xahiş edib.
Məhkəmə vəsatəti təmin etməyib.
Daha sonra sənədlərin tədqiqinə başlanılıb. Ardınca təqsirləndirilən Nəcəf Qafarovun vəkilinin məhkəməyə təqdim etdiyi videogöruntülər nümayiş olunub.
Sənədlərin tədqiqi iyunun 23-də davam etdiriləcək.
Xatırladaq ki, hadisə 2025-ci il aprelin 21-də paytaxtın Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, 37 yaşlı Ədil Məhərrəmov fərdi yaşayış evində qəsdən öldürülüb.
İttihama görə, onun əvvəllər məhkum olunmuş 57 yaşlı qayınatası Nəcəf Qafarov tərəfindən qətlə yetirildiyi məlum olub.
Nəcəf Qafarov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.
Daha sonra isə onun qızı - qətlə yetirilən Ədil Məhərrəmovun həyat yoldaşı Nuranə Məhərrəmova da hadisə ilə bağlı təqsirli bilinərək istintaqa cəlb olunub.
Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə - xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.
Elgün Həsənli