"Ana Vətən Partiyasından çıxarılmağımla bağlı mənə məlumat verilməyib".
Oxu.Az xəbər verir ki, bu sözləri Azxeber.com-a açıqlamasında Fəzail Ağamalının oğlu Elçin Ağamalı deyib.
"Mən də hər kəs kimi bu məlumatı mətbuatdan oxumuşam. Biz Ədliyyə Nazirliyinə müraciət etmişik. Ədliyyə Nazirliyinin qurultaya hüquqi münasibəti, kimin partiya sədri olması və qurultayın necə keçirilməsi ilə bağlı rəyi olmadan fikir bildirmək istəmirəm. Nazirliyin müvafiq rəyi açılandan sonra addımlarımızı atacağıq. Sadəcə oturub belə bir qərar yazıb mətbuata açıqlayıblar".
Milli Məclisin deputatı Fəzail Ağamalının oğlu Elçin Ağamalı Ana Vətən Partiyasından çıxarılıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı Partiyanın İdarə Heyətinin iclasında qərar qəbul olunub.
Qeyd olunub ki, iclasında Mərkəzi Nəzarət Təftiş Komissiyasının oktyabrın 25-də keçirilmiş növbədənkənar IX Qurultayda baş verən qanun pozuntuları ilə bağlı məsələ müzakirə olunub.
Müzakirələrdə ilk olaraq, "Ana Vətən" Partiyasının növbədənkənar IX Qurultayında prosedur qaydalarını kobud pozmaqla Partiya üzvünün müvafiq vəzifələrini müəyyən edən "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikası Qanununun 22.2.3-cü, 22.2.6-cı maddələrinin və Partiya Nizamnaməsinin 5.5.3-cü, 5.5.6-cı bəndlərinin tələblərini pozmuş Elçin Ağamalının Partiyadan xaric edilməsi məsələsinə baxılıb.
"Partiya Nizamnaməsinin Partiyadan xaric olunmaq üçün əsaslardan biri olan 5.8.1-ci bəndi (nizamnamənin müddəalarını kobud pozan və Partiyanın nüfuzuna mühüm zərər vurmuş hərəkət və ya hərəkətsizlik etmək) rəhbər tutularaq İdarə Heyətinin qərarı ilə Elçin Ağamalı "Ana Vətən" Partiyasından xaric ediib.
Bununla yanaşı, Partiyanın 12 rayon təşkilatının sədrləri partiya üzvü olmayan 25 şəxsin Qurultayın rəsmi nümayəndəsi kimi təqdim etməsi faktı da araşdırılıb. Aparılan araşdırmalar nəticəsində, bir sıra rayon partiya sədrlərinin saxtakarlığa yol verdikləri və onların göstərişi ilə partiya üzvü olmayan şəxslərin Qurultay nümayəndələri qismində Qurultayın gedişinə qanunsuz müdaxilələri müəyyən edildi və 12 rayon təşkilat sədrinin Partiyadan xaric edilməsi, həmin təşkilatların fəaliyyətinə xitam verilməsi haqqında qərar qəbul edilib", - məlumatda qeyd olunub.
Həmçinin qeyd olunur ki, Ana Vətən Partiyasının Ali Məclisinin sədri Rəşadət Yaqublunun Partiya üzvlüyündən çıxmaqla bağlı partiyanın Binəqədi rayon təşkilatına ünvanladığı ərizə nəzərə alınaraq, Partiyadakı üzvlüyünə xitam verilib.