Rüşvət müqabilində ədalətsiz qərar çıxarmaqda ittiham olunan Sumqayıt Şəhər Məhkəməsinin sabiq hakimi İlyas Mahmudovun barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.
Oxu.Az-ın məlumatına görə, Ali Məhkəmədə hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunaraq sabiq hakimin cəzası 9 ildən 6 ilə endirilib.
Xatırladaq ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlyas Mahmudov 9 il müddətinə azadlıqdan məhrum edilmişdi. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, onun apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, 2008-2019-cu illərdə Sumqayıt Şəhər Məhkəməsinin hakimi vəzifəsində işləmiş İlyas Mahmudovun icraatında olan müxtəlif mülki işlər üzrə iddiaçıların tələblərinin təmin edilməsi barədə bilərəkdən ədalətsiz qətnamə qəbul etməsi müqabilində ayrı-ayrı şəxslərdən rüşvət qismində pul tələb edərək almasına, bununla əlaqədar bilərəkdən 2 halda ədalətsiz qətnamə çıxarmasına əsaslı şübhələr olub.
Bundan başqa, İlyas Mahmudovun işlədiyi dövr ərzində icraatında olan digər işlər üzrə qəbul etdiyi 25 qətnaməyə əvvəlcədən bilə-bilə yalan məlumatlar daxil etməsinə, əmək stajı və əlilliyin müəyyən edilməsi ilə bağlı hüquqi əhəmiyyətli faktları müəyyən edən qanunsuz məhkəmə aktlarını aidiyyəti qurumlara təqdim edilməsinə nail olmasına, bu hərəkətləri ilə də qanunazidd əsaslarla təyin olunmuş pensiyalar üzrə cəmi 243 441 manat məbləğində ödənişin verilməsinə səbəb olmaqla dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına dair əsaslı şübhələr müəyyən edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 295.1 (bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərardad çıxarma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Elgün Həsənli