Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Hərbi cinayətkar Ruben Vardanyan 15-dən çox maddə ilə ittiham olunur: ÖLÜM HÖKMÜ çıxarıla bilərmi?
Terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, Azərbaycan və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və digər çoxsaylı cinayətlərin törədilməsi faktları ilə bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq baş idarəsində cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
Oxu.Az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun birgə yaydıqları məlumatda bildirilir ki, cinayət işi üzrə ittiham aktı Azərbaycan Respublikasının baş prokuroru tərəfindən 28 dekabr 2024-cü il tarixində təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.
Qeyd edək ki, R.Vardanyana qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 15-dən artıq maddəsi ilə yekun ittiham elan edilib.
Qanunvericiliyimizə əsasən bu ittihamların yekununda R.Vardanyanı hansı cəza gözləyə bilər?
"Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, hüquqşünas Xəyal Bəşirov Oxu.Az-a şərhində istər R.Vardanyan, istərsə də onunla birgə saxlanılan digərlər hərbi cinayətkarlara qarşı hətta ölüm hökmü də çıxarıla biləcəyini istisna etmir.
"Məsələ təkcə R.Vandanyan deyil, sadəcə onun işi artıq məhkəməyə göndərildiyinə görə onunla bağlı məlumat verilib.
Bu məqam R.Vardanyanla yanaşı digər hərbi cinayətkar ünsürlərin hər birinə şamil olunacaq, onlar Azərbaycan ərazisində terrorçuluq fəaliyyəti ilə məşğul olublar, Azərbaycan dövlətinə və xalqına qarşı müxtəlif ağır müharibə cinayətlər törədiblər, terrorçuluq, soyqırımı, təcavüz və s. Bu cinayətləri törədən şəxslərin hər birini Azərbaycanın cinayət qanunvericiliyinə görə ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.
Ümumilikdə deyim ki, onlara münasibətdə Cinayət Məcəlləsinin (CM) 24 maddəsi üzrə cinayət işi başlayıb. Onların hər biri ağır və xüsusilə ağır cinayətlər olduğu üçün əksəriyyətində ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Təbii ki, R.Vardanyan barəsində də belə bir qərarın verilməsi ehtimalı böyükdür. Onun törətdiyi cinayətlərin əhatə dairəsinə diqqət yetirsək, barəsində bu cəzanın təyin edilməsi, düşünürəm ki daha ədalətli olardı. Çünki onunla bağlı araşdırma aparılan maddələrin bir çoxunda ömürlük azadlıqdan məhrumetmə cəzası var. Yəni ümumilikdə götürəndə bu cəzanın tətbiq edilməsi üçün kifayət qədər imkanlar var.
Başqa bir məqamı da diqqətinizə çatdırmaq istərdim. Azərbaycanda 1998-ci ildə ölüm cəzası cinayət qanunvericiliyindən çıxarılıb, amma bizim qanunvericiliyimizin əsasını təşkil edən və ən üstün qüvvəyə malik olan Konstitusiyamız var. Konstitusiyamızın 27-ci maddəsində yer alan ölüm cəzası isə oradan çıxarılmayıb.
(27-ci maddənin III bəndində yazılır: "Müstəsna cəza tədbiri kimi ölüm cəzası, tam ləğv edilənədək, yalnız dövlətə, insan həyatına və sağlamlığına qarşı xüsusilə ağır cinayətlərə görə qanunla müəyyən edilə bilər - red.)
Ölüm hökmünün CM-dən çıxarılması o deməkdir ki, bu gün məhkəmələr CM-nə istinad edib ölüm cəzası tətbiq edə bilməzlər, amma bu cəzanın Konstitusiyada saxlanılması ehtimalı odur ki, istənilən məqamda Milli Məclisdə (MM) qanunun yenidən müzakirə edilməsi və qanuna dəyişikliklə ölüm cəzasının yenidən CM-nə daxil edilməsi məsələsi gündəmə gələ bilər ki, bunun üçün də çox böyük müddət tələb olunmur.
Bu baxımdan düşünürəm ki, Konstitusiyadan ölüm hökmünün çıxarılmaması gələcəkdə istənilən mərhələdə, onun tətbiq edilməsi məsələsi də gündəmə gələ bilər.
Baxmayaraq ki, yenə də qanunvericiliyimizə görə, edilən dəyişikliklərin ağırlaşdırıcı hallarda geriyə qüvvəsi yoxdur, amma hər bir halda düşünürəm ki, bu şəxslərin törətdiyi cinayətlərin mahiyyətinə nəzər yetirsək, o halda bu məqam, yəni ömürlük azadlıqdan məhrumetmə və yaxud da ən ağır cəza kimi ölüm cəzası tətbiq oluna bilər.
Doğrudur, Azərbaycan humanist addım ataraq cinayətlərin dekriminallaşdırılması siyasətinin ən üst addımı kimi 1998-ci il, fevral ayının 10-da ölüm cəzasını Azərbaycan Respublikasının CM-dən çıxarıb, zənnimcə, elə şəxslər və elə cinayətlər var ki, bu halda hətta ölüm cəzası belə aktuallaşa bilər.
Təbii ki, bu, mənim subyektiv fikrimdir və hər bir halda hesab edirəm ki, A.Arutunyan, R.Vardanyan, B.Saakyan, A.Qukasyan və bu kimi digər, xüsusilə ağır cinayətləri törətmiş şəxslər barəsində hazırkı mərhələdə ən ədalətli cəza ömürlük azadlıqdan məhrumetmə cəzası olardı", - deyə hüquqşünas bildirib.
Əzizə İsmayılova
Rəylər